Azərbaycanın ilk həkim-ginekoloqu Adilə Şahtaxtinskanın doğum günüdür

A- A A+

Bu gün Azərbaycanın ilk həkim-ginekoloqu, tibb elmləri doktoru və professor elmi adını alan ilk azərbaycanlı qadın Adilə Şahtaxtinskayanın doğum günüdür.

Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində, görkəmli ziyalı, yazıçı-publisist İsa Sultan Şahtaxtinskinin ailəsində dünyaya gəlib. O, Naxçıvanın tanınmış Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrindən biridir.

1922-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsini bitirən məzunlar arasında cəmi iki qız olub. Onlardan biri Adilə Şahtaxtinskaya, digəri isə Ceyran Sultanova idi. Bu fakt həmin dövrdə qadınların ali təhsildə iştirak imkanlarının məhdud olduğunu bir daha göstərir.

Adilə Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru, 1936-cı ildə isə professor elmi adını qazanaraq Azərbaycan tarixində bu titullara layiq görülən ilk qadın kimi mühüm iz qoyub. 1933-cü ildən etibarən o, Azərbaycan Dövlət Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasına rəhbərlik edib və bununla da ölkənin ilk qadın kafedra müdirlərindən biri olub.

Alimin elmi fəaliyyəti əsasən qadın gigiyenası və eklampsiya problemlərinin tədqiqinə həsr olunub. O, bu sahədə mühüm araşdırmalar apararaq bir sıra dəyərli elmi əsərlərin müəllifi kimi tanınıb.

Adilə xanımın ailəsi də maarifçilik ənənələri ilə seçilib. Onun bacısı Leyla Şahtaxtinskaya Avropada təhsil alan ilk azərbaycanlı qadınlardan biri olub. O, İsveçrədə təhsil alsa da, məzun olmasına az qalmış vəfat edib. Bu hadisə Molla Nəsrəddin jurnalında dərc olunan nekroloqla ictimaiyyətə çatdırılıb.

Görkəmli alim 1951-ci il martın 30-da Tiflis şəhərində vəfat edib. O, şəhərin köhnə müsəlman qəbiristanlığında, hazırda botanika bağının ərazisində yerləşən görkəmli azərbaycanlıların panteonunda dəfn olunub.

Adilə Şahtaxtinskanın adı Azərbaycan tibb tarixində qadınların elm və səhiyyə sahəsindəki rolunun formalaşmasında mühüm mərhələ kimi bu gün də ehtiramla yad edilir.

 

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: