Naxçıvan bazarının yaz sovqatları - FOTOLAR
Naxçıvanlı rəssam Şamil Qazıyevin Naxçıvan bazarını əks etdirən çoxsaylı rəsmləri burada bazar mədəniyyətinin hələ çox qədim zamanlardan inkişaf etdiyini sübut edir. Bir ölkədə, bir şəhərdə bazarın inkişafı isə orada ticarətin, iqtisadiyyatın inkişafından xəbər verir. Bu mənada Naxçıvan şəhərində ta qədimdən müxtəlif bazarların olması burada şəhər mədəniyyətinin çox-çox qədimlərdən formalaşdığını təsdiq edir.
Müasir dövrümüzdə də Naxçıvanda geniş bazar şəbəkəsi formalaşıb. Şəhərimizin Xətai küçəsindəki Mərkəzi Bazar, həmçinin “Cahan” Ticarət Mərkəzinin nəzdində fəaliyyət göstərən Kənd təsərrüfatı məhsulları bazarı bu gün Naxçıvanda qədim bazar ənənələrini uğurla davam etdirir. Bu gün bu bazarlarda istədiyin neməti tapmaq mümkündür.
Naxçıvan şəhərindəki Mərkəzi Bazar da, fəsillərə uyğun olaraq, ildə ən azı dörd dəfə yenilənir, burada satılan kənd təsərrüfatı məhsulları fəsillərə uyğun olaraq dəyişir. Yayda Naxçıvan bazarlarında üzümə, qovun-qarpıza, şəftəliyə, şələliyə; payızda almaya, armuda, cəvizə, nara tələbat çox olursa, qışda da balqabağa, meyvə qurusuna, qovurmaya, quruda, ələyəzə, yarmaya maraq artır.
Naxçıvanda yaz bazarı isə daha zəngin olur. Bu mənada Naxçıvan bazarının yaz sovqatlarını saymaqla bitməz. Dağların qarı əriyər-əriməz əvəzsiz dada malik olan çiriş, cacıq, qazayağı, şomu, çobankirmidi, quzuqulağı, unnuca, salmança, xıncılovuz bazarlarda boy göstərir. Qışın qarından, soyuğundan keçən insanlar havalar isinən kimi bazarlara yol tapan bu yaz nemətlərini həvəslə alırlar. Çünki adlarını çəkdiyimiz məhsullar əsl vitamin mənbəyidir. Deməli, yabanı halda bitən bu bitkilərin həm də müalicəvi əhəmiyyəti vardır.
Ötən şənbə günü mən də yolumu Xətai küçəsindəki Mərkəzi Bazardan salmışdım. Anam qışdan qalan, qənaətlə saxladığı qovurma ilə pencər qovuracağını bildirmişdi. Tapşırmışdı ki, bir az çiriş alım.
Bazardakı bütün piştaxtalar yaz nemətləri ilə dolu idi. Çiriş isə daha çox idi. Satıcılardan birinə yaxınlaşıb çirişin qiymətini, yığıldığı yeri soruşdum. Adını sonradan öyrəndiyim satıcı Malikəjdər Qasımov çirişin qiymətini dedikdən sonra Ərəfsə dağlarının məhsulu olduğunu bildirdi. Sonra torbanı doldura-doldura Ərəfsə çirişini tərifləməyə başladı:
– Bəli, bizim yerlərin çirişi ələ düşməz. Ümumiyyətlə, çiriş çox faydalı bitkidir. Çirişin tərkibində yağ, zülal, müxtəlif vitaminlər vardır. Bizim kənddə öd və qaraciyər xəstəliklərindən əziyyət çəkənlərə nənələrimiz çiriş yeməyi məsləhət bilərdi. Bilirsinizmi, çiriş heyvanların südünün artırılmasında da çox faydalıdır...
Yerlim bütün bu məlumatları verərkən artıq çirişi çəkib pulunu da hesablamışdı.
Mən anamın əsas sifarişini yerinə yetirdikdən sonra bazarda bir az da gəzişdim. Bazar başdan-başa yaşıllığa bürünmüşdü. Piştaxtalar göy-göyərti ilə, cacıqla, şomu ilə, qazayağı ilə dolu idi.
Bazarı gəzərkən yaz nemətlərindən olan qazayağı və şomu da aldım. Düşündüm ki, sabah istirahət günüdür və belə bir gündə yeməkçün qazayağı və şomu kətəsi də pis olmaz. Ümumiyyətlə, indi bu pencərlərdən hazırlanan kətənin dadına doyulmur. Atam qonşu kənddəki dəyirmanda üyütdüyü buğdadan yaxşı un əldə edib. Bu unla hazırlanan, təndirdə bişən çiriş, qazayağı, şomu kətəsini indi heç nəyə dəyişmərəm. Təndirdən yenicə çıxan isti kətənin arasına azacıq əl yağı da sürtdünmü, iş tamamdır... Bu dada dünya və Avropa mətbəxində rast gələ bilməzsən. Bəli, bu bizim mətbəximizdir – Naxçıvan mətbəxi...
Bəli, bu piştaxtalarda gördüyümüz nemətlərin hamısı orqanizm üçün ən xeyirli qidalardır. Bu göy-göyərti, bu pencərlər min bir dərdin dərmanıdır. Bu çirişin, qazayağının, çobankirmidinin, şomunun dadı-tamı bir yana, onlar həm də sağlamlığımız üçün çox faydalıdır. Bütün bunları gənc nəslə aşılamaq, başa salmaq lazımdır. Nənələrimiz əvvəllər bir çox xəstəlikləri məhz bu bitkilərlə sağaldar, otlarla, çiçəklərlə dərdə çarə edərdilər. Bax, bu sirli-sehrli bitkilər bizim təbii sərvətlərimizdir. Bu bitkiləri tanımaq və bütün dünyaya tanıtmaq isə hamımızın borcudur.
Qafar Qərib
“Nuh yurdu” qəzeti