Yazın ağız dadı-kətə

A- A A+

Milli mətbəximizdə sulu, quru, qızartma yeməklər o qədər çoxdur ki, gün ərzində bu yeməklərin üç-dörd növünü belə hazırlasan, bir il buna azlıq edər. Elə yeməklər var ki, onlar yemək saatlarının arasında hazırlanıb qəlyanaltı kimi istifadə olunur. Belə yeməyə xalq arasında "çeşdə yeməyi" deyirlər. Yəni bunun yeyilməsi müəyyən məqamlarla bağlı deyil. Belə yeməklər sırasına mövsümi yaz yeməkləri də daxildir. Yazın nübar kətəsini yeməyəndə bu mövsümün ləzzətindən danışmaq olmur. Kətə ta qədimdən milli mətbəximizdə istifadə olunan yemək növüdür. Kətədən ən çox yaz mövsümündə istifadə olunur. Çöl pencərlərindən bişirilən kətə çox dadlı olur.

Kətə müxtəlif cür hazırlanır. Naxçıvanda kətə hazırlamaq üçün ən məşhur bitki çirişdir. Daha çox hündür qayalıqda bitən bu bitkini toplayandan sonra onun alt tərəfini örtən ağ təbəqə təmizlənir. Yuyulur, suyu çəkiləndən sonra doğranılır. Bitkinin yarpaqları bir qədər sərt olduğu üçün ona azca duz vurularaq yumşalmaq üçün əllə ovxalanır. Suyu çıxmaq üçün kənara qoyulur və kətə xəmiri hazırlanır.

Kətə xəmiri hazırlamaq üçün un, duz, süd və ya su, xəmir mayası götürülür. Bərk xəmir yoğrulur. Xəmir özünü tutana qədər kətənin içliyi hazırlanır. Təbii dağ kəvəri, quzuqulağı və ya oğlaqqulağı xırda-xırda doğranılıb içliyə qarışdırılır. Alça lavaşası isti suda isladılıb açılır. İçliyə duz, istiot əlavə olunur. Xəmirdən xırda kündələr hazırlanır. Balaca lavaşlar açılır və oxlovla bir neçə yerdən deşilir. Arasına qarışdırılmış içlik qoyulur. Kətənin bir ucu açıq saxlanılır ki, kətənin içərisində qalan su axsın. Üzərinə yumurta vurulur, təndirdə və ya sacda bişirilir.

Kətə milli mətbəximizin yeganə yeməyidir ki, öz buğunda bişir. Kətənin açıq olan yerindən içərisinə xama, ev kərəsi qoyulur. Bir qalır isti kətəni ləzzətlə yemək. Milli mətbəximizdə nənələrimizin əllərinin dadı, təxəyyüllərinin  məhsulu olan kətələri yedikcə ləzzət alırsan.

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: