NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq ilkin tədbirlər həyata keçirilir. Belə ki, rayon əhalisi üzrə məlumatlar toplanılıb, bu məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, «Səhiyyə informasiya idarəetmə sistemi» və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb. Müasir səhiyyə infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi və fiberoptik xətlərin çəkilməsi icbari tibbi sığortanın uğurla həyata keçirilməsinə geniş imkanlar açıb.
Qeyd edək ki, icbari tibbi sığorta səhiyyə sistemində maliyyələşmənin ən mükəmməl formasıdır. İşəgötürən müəssisə icbari tibbi sığorta ayırmalarının sərfəli xərclənməsində, işçinin sağlamlığının qorunmasında, xəstələndikdə onun qısa vaxt ərzində müalicə alması, tez sağalması və işə qayıtmasında, səhiyyə müəssisəsi isə keyfiyyətli tibbi xidmət göstərməyə maraqlı olacaq, çalışacaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaxşı xidmət göstərən tibb müəssisəsi kimi onunla yenidən müqavilə bağlasın, seçim zamanı başqa tibb müəssisələrinə üstünlük verməsin. Nəticədə, bu sistemin tətbiqindən tərəflərin hər biri, ən çox əhali faydalanacaq. Çünki xəstənin lazımsız müayinələrdən keçməsinə ehtiyac qalmayacaq, ona artıq dərmanlar yazılmayacaq.
Qeyd edək ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Bunların 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, qalanı isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublikanın digər xəstəxanalarında həyata keçirilir.
Mehman Müslümoğlu