AQTA və Gürcüstanın Milli Qida Agentliyi qəhvəyi mərmər bağacığına qarşı mübarizə sahəsində əməkdaşlıq edəcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Gürcüstanın Milli Qida Agentliyi arasında qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş görüş keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, görüş zamanı region üçün iqtisadi əhəmiyyət daşıyan bu invaziv zərərvericiyə qarşı mübarizə sahəsində mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə olunub. Tərəflər zərərvericinin yayılmasının qarşısının alınması və effektiv idarəolunması məqsədilə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə əməkdaşlıq barədə razılığa gəliblər.
Əməkdaşlıq çərçivəsində operativ idarəetmə mexanizminin formalaşdırılması üçün hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət birgə İşçi qrupun yaradılması planlaşdırılır. Sözügedən qrup qərarların koordinasiyasını, məlumat mübadiləsini və tədbirlərin planlaşdırılmasını təmin edəcək, eyni zamanda, regional əməkdaşlıq strategiyasının hazırlanması üzərində çalışacaq.
Bununla yanaşı, zərərvericinin yayılmasının izlənilməsi məqsədilə sərhədyanı ərazilərdə ikitərəfli razılaşdırılmış monitorinq və mübarizə tədbirləri üzrə məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Zərərvericinin intensiv miqrasiya dövrlərində bu ərazilərdə paralel və koordinasiyalı mübarizə tədbirlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Bu məqsədlə ortaq mübarizə təqviminin hazırlanması planlaşdırılır ki, bu da resurslardan daha səmərəli istifadəni təmin edəcək. Məlumatların sistemli şəkildə toplanması erkən müdaxilə imkanı yaradacaq, nəticədə pestisid istifadəsinin və ümumi xərclərin azalmasına müsbət təsir göstərəcək.
Görüşdə bioloji mübarizə sahəsində təcrübə mübadiləsi də aparılıb. Qeyd olunub ki, bu yanaşma kimyəvi vasitələrin istifadəsinin azaldılmasına və ekosistemə mənfi təsirlərin minimuma endirilməsinə xidmət edir. Transsərhəd zərərvericilərlə mübarizədə regional əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə birgə fəaliyyət gələcəkdə də davam etdiriləcək.
