Nazir: Azərbaycan və İndoneziya arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var

A- A A+

Aprelin 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş olub.

Bu barədə NUHÇIXAN-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nazir Anar Əliyev Azərbaycan və İndoneziya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini və əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

2022-ci ilin dekabr ayında ƏƏSMN-i ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında imzalanan əməkdaşlıq sənədinə uyğun olaraq görülən işlərin nazirliklər arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

İslam Əməkdaşlıq Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafında önəmli rolu diqqətə çatdırılıb. Son illər Azərbaycanda aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə əldə olunan rəqəmsal uğurlar barədə səfirə məlumat verilib.

Berlian Helmi digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də ikitərəfli əməkdaşlığın inkişafı üçün səfirlik tərəfindən səylər göstəriləcəyini bildirib.

Görüşdə qeyd olunan sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: