NDU-dan 10 fakültə, 10 tələbə, 1 sual - SORĞU

A- A A+

Ali təhsil seçimi hər bir gəncin həyatında mühüm mərhələ hesab olunur. Bu seçim yalnız gələcək peşə yolunu deyil, eyni zamanda şəxsi inkişafı, dünyagörüşünü və sosial mühiti də formalaşdırır. Naxçıvan Dövlət Universitetini seçən tələbələrin bu qərarı necə dəyərləndirdiklərini və onun həyatlarına necə təsir göstərdiyini öyrənmək məqsədilə universitetin 10 fakültəsindən 10 tələbə arasında sorğu keçirdik. Sorğuda tələbələrə “Naxçıvan Dövlət Universitetini seçmək qərarınızı necə qiymətləndirirsiniz və bu seçim həyatınıza nə dərəcədə təsir edib?” sualını ünvanlandıq. Verilən cavablar tələbə həyatının müxtəlif tərəflərini, onların qazandıqları təcrübəni və universitet mühitinin yaratdığı imkanları əks etdirir.

Cəmilə Babayeva: Mən Babayeva Cəmilə, 688.4 balla NDU-nun “Kompüter mühəndisliyi (tədrisi ingilis dilində)” -ikili diplom ixtisasına qəbul olmuşam. Prezident təqaüdçüsüyəm. Həmçinin universitetimiz 650-dən çox bal toplayan tələbələri əlavə təqaüdlə təmin edir. Bu ixtisası seçmə səbəblərimdən biri NDU-nun yaratdığı Macarıstanda təhsil imkanı olub.

NDU-da bizim tədris prosesimizdə öz müəllimlərimizlə yanaşı, xarici professorlar da iştirak edirlər. Həmçinin ehtiyac olduqda İnnovasiya Mərkəzinin laboratoriyasında praktiki dərslər də keçirik.

NDU-nun mənə keyfiyyətli təhsildən əlavə qatdığı bir çox şey var. Universitetdə könüllü kimi fəaliyyət göstərirəm və bu mənə təhsillə yanaşı sosial bacarıqlarımı da inkişaf etdirməyə imkan yaradır. Həmçinin universitetdə etdiyim çıxış və təqdimatlar özümü daha yaxşı ifadə etməkdə və nitqimi təkmilləşdirməkdə yardımçı olur. Yenidən seçmək şansım olsa, şübhəsiz, yenə bu universiteti seçərdim.

Fərid İbrahimov: Naxçıvan Dövlət Universiteti seçmək, düşünürəm ki, həyatımın ən vacib və əhəmiyyətli qərarlarından biri idi. Məktəb illərində universiteti ziyarət etmək imkanı əldə etmişdim və həqiqətən də, sinif otaqları, eləcə də tələbələrə təqdim olunan imkanlar mənim bu universitetə olan marağımı daha da artırmışdı. Burada Tərcümə (ingilis–azərbaycan dilləri) ixtisası üzrə təhsil alıram və bu dönəmdə peşəkar tərcüməçi kimi formalaşdım.

Universitetdə yaradılan imkanların sayı-hesabı yoxdur. Xüsusilə, universitet rəhbərliyi ilə birbaşa əlaqə saxlamaq, istədiyimiz zaman rektora öz təklif və şikayətlərimizi çatdıra bilmək olduqca dəyərli və motivasiyaedici bir üstünlükdür.

Təhsil aldığım müddətdə müxtəlif tələbə təşkilatlarına qoşuldum, onlarla birlikdə tədbirlərdə iştirak etdim və bir sıra yarışlara qatıldım. Komandamızla birlikdə Enactus Milli Çempionatı 2024-cü ildə I yerə, 2025-ci ildə isə II yerə layiq görüldük. Bundan əlavə, 2024-cü ildə Qazaxıstanda keçirilən Enactus Dünya Çempionatı zamanı “Ən yaxşı təqdimat” mükafatını qazandıq.

Həmçinin, 2024-cü ildə keçirilən Prezident və Parlament seçkilərində tərcüməçi kimi fəaliyyət göstərdim. Müxtəlif intellektual oyunlarda Naxçıvan Muxtar Respublikası üzrə çempion oldum və respublika səviyyəsində Naxçıvanı təmsil etdim.

Düşünürəm ki, əgər bir daha abituriyent olsam və seçim şansım yenidən qarşıma çıxsaydı, tərəddüd etmədən yenə də Naxçıvan Dövlət Universitetini seçərdim.

Yusif Mirzəzadə: NDU-nun “Hüquqşünaslıq” ixtisası üzrə III kurs tələbəsiyəm. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında topladığım 614 bal mənə ölkənin istənilən nüfuzlu təhsil ocağında hüquq təhsili almaq imkanı tanısa da, seçimimi qətiyyətlə Naxçıvan Dövlət Universitetindən (NDU) yana etməyim tamamilə şüurlu və strateji bir qərar idi. Bu qərarın təməlində NDU-nun zəngin akademik ənənələrə sahib olan bir elm mərkəzi kimi özünü təsdiqləməsi və tələbəyə sadəcə nəzəri bilik deyil, həm də öz potensialını reallaşdıra biləcəyi geniş intellektual ekosistem təklif etməsi dayanırdı. Hüquqşünaslıq ixtisasına qəbul olduğum ilk gündən universitetin təqdim etdiyi imkanlar mənim üçün peşəkar və ictimai kimliyimin formalaşdığı bir platformaya çevrildi. Hazırda bu seçimimdən duyduğum məmnuniyyət hissi keçdiyim yolun səmərəliliyi ilə ölçülür; belə ki, NDU mənim üçün həm beynəlxalq səviyyəli bir tədqiqatçıya çevrilmək, həm də gənc hüquqşünas kimi ictimai məsuliyyəti dərk etmək məkanı oldu. Universitetdə keçən tələbəlik illərim elmi yaradıcılığın və ictimai fəallığın vəhdətindən ibarətdir; bu mənada mən həyatımı universitet həyatım və universitetdən öncəki həyatım olmaqla 2 yerə bölürəm. Çünki, NDU mənə sübut etdi ki, çəkilən zəhmət bəhrəsiz qalmır, sadəcə yetişəcəyi anı gözləyir.

Bu gün geriyə baxarkən görürəm ki, NDU məni təkcə hüquqşünas kimi deyil, eyni zamanda bir şəxsiyyət kimi yetişdirib. Əgər yenidən eyni seçimi etmək imkanım olsaydı, tərəddüdsüz şəkildə eyni yolu seçərdim, çünki həyatımı dəyişən, onu parlaq bir karyera trayektoriyasına çevirən məhz Naxçıvan Dövlət Universitetinin təqdim etdiyi o unikal elmi-mədəni mühit olub.

Ləman Bağırlı: Hal-hazırda Naxçıvan Dövlət Universitetində İqtisadiyyat (tədrisi ingilis dilində) ixtisası üzrə təhsil alıram və bu ixtisasa 608 balla qəbul olmuşam. Yüksək bal topladığım üçün başqa seçimlərim də var idi, amma mən NDU-nu seçdim. Çünki mənim üçün vacib olan yalnız universitetin adı deyil, burada özümü necə inkişaf etdirəcəyim idi.

Bu universiteti seçməyimin əsas səbəblərindən biri burada tələbələr üçün yaradılan imkanlardır. Təhsil aldığım müddətdə yalnız dərslərlə kifayətlənməmişəm, eyni zamanda özümü inkişaf etdirmək üçün müxtəlif fəaliyyətlərdə iştirak etmişəm. Müxtəlif tədbirlərdə, layihələrdə və universitet daxilində keçirilən fəaliyyətlərdə iştirak edərək həm yeni biliklər qazanmışam, həm də özüməinamımı artırmışam. Bu fəaliyyətlər mənə insanlarla daha rahat ünsiyyət qurmağı, məsuliyyətli olmağı və komanda ilə işləməyi öyrədib.

Burada oxuyan biri kimi görürəm ki, müəllimlər tələbələrə dəstək olurlar və onların inkişaf etməsi üçün çalışırlar. Mən də bu mühitdə həm təhsil alır, həm də gələcəyim üçün özümü hazırlayıram. Buna görə düşünürəm ki, NDU-nu seçmək mənim üçün doğru qərar olub. Və əgər yenidən abituriyent olsaydım, şübhəsiz yenə NDU-nu seçərdim.

Əziz Vəliyev: Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsinin “Tarix” ixtisası üzrə IV kurs tələbəsiyəm. Naxçıvan Dövlət Universiteti seçmək qərarım əvvəlcə müəyyən tərəddüdlərlə baş versə də, zaman keçdikcə bunun həyatımın ən doğru seçimlərindən biri olduğunu anladım. Bu qərarı verərkən əsasən doğma mühitdə yaşamaq, öyrənmək və universitetin son illərdəki inkişaf dinamikası məni cəlb etmişdi.

Universitetə daxil olduqdan sonra gözləmədiyim imkanlarla qarşılaşdım. Xüsusilə, Azərbaycanda 100 nəfər tələbə üçün təsis edilən “Heydər Əliyev adına təqaüd”ə layiq görülməyim mənim üçün böyük motivasiya idi ki, qəbul olmadan öncə bu haqqda təsəvvürüm belə yox idi. Bu uğur həm özümə inamımı artırdı, həm də daha böyük hədəflər qoymağıma səbəb oldu.

“Tarix” ixtisasında təhsil almağım mənə analitik düşünmə və bu kimi bacarıqlardan başqa ərəb və fars dilləri kimi tariximizdə geniş istifadə olunmuş dillərə yeni qapı açdı. Universitetdə qazandığım dostluqlar və tanış olduğum intellektual mühit isə şəxsi inkişafımda mühüm rol oynadı. Müxtəlif layihələrdə iştirak etmək, aktiv tələbə həyatı yaşamaq, hətta Tələbə Gənclər Təşkilatında könüllülükdən sədr müavinliyi və fakültə sədrinə qədər gəlib çıxmaq mənim üçün çox xoş bir təcrübə olmuşdu. Mənim ünsiyyət və liderlik bacarıqlarımı xeyli inkişaf etdirdi.

Hazırda bu seçimdən kifayət qədər razıyam və deyə bilərəm ki, burada keçirdiyim illər həyatımın ən dəyərli və formalaşdırıcı dövrlərindən birinə çevrilib. Əgər yenidən seçim etmək imkanım olsaydı, daha böyük inamla yenə də Naxçıvan Dövlət Universitetini seçərdim.

Rəvanə Əsgərli: İlk öncə qeyd etməliyəm ki, Naxçıvan Dövlət Universitetini seçmək həyatımın dönüş nöqtəsi oldu. Məktəbi fərqlənmə attestatı ilə bitirib, qəbul imtahanında 530 bal topladıqda bir hədəfim var idi: xüsusi maraqla oxuduğum Kimya fənnini peşəkar səviyyədə öyrənmək. Lakin ən böyük sual seçimimlə bağlı idi.

İxtisas seçiminin bitməsinə sayılı dəqiqələr qalmış ürəyimin səsinə qulaq asaraq seçimimi Naxçıvan Dövlət Universiteti olaraq dəyişdim. Bu gün geriyə baxanda bu ani, lakin qətiyyətli qərarımın nə qədər doğru olduğunu görürəm. Ard-arda 3 semestr əlaçı olmaq, “Heydər Əliyev” və “Yusif Məmmədəliyev” adına nüfuzlu tələbə təqaüdlərinə layiq görülmək mənim üçün sadəcə uğur deyil, həm də universitetimin mənə verdiyi dəyərin sübutudur.

Hazırda Tələbə Elmi Cəmiyyətinin “Layihələrin idarə olunması” departamentinin üzvü kimi universitetimizin inkişafına töhfə verməyə çalışıram. Müəllimlərimin mənə olan etimadı və onların məni çalışqan bir tələbə kimi tanımağı məni daha da ruhlandırır və sevindirir. Əminliklə deyə bilərəm ki, əgər yenidən seçim etmək şansım olsa idi, tərəddüd etmədən yenə də Naxçıvan Dövlət Universitetini seçərdim!

Türkiyəli tələbə Muhammed Hatip Koç: Tibb fakültəsinin “Stomatologiya” ixtisası üzrə II kurs tələbəsiyəm. Naxçıvan Dövlət Universitetini seçmək həyatımda verdiyim ən doğru qərarlardan biri oldu. Bu qərarı verərkən ən mühüm səbəblərdən biri universitetin həm yüksək akademik səviyyəsi, həm də xarici tələbələrə təqdim etdiyi imkanlar və göstərdiyi diqqət idi. Bu gün geriyə baxdıqda bu seçimimdən tam razı olduğumu əminliklə deyə bilərəm. Çünki burada yalnız akademik bilik deyil, eyni zamanda həyat təcrübəsi də qazandım.

Hazırda universitetdə tələbə təşkilatında sədr vəzifəsini icra edirəm. Bu vəzifə mənə liderlik bacarıqları, məsuliyyət hissi və təşkilatçılıq qabiliyyəti qazandırdı. Məsələn, müxtəlif tədbirlərin təşkili, xarici tələbələrin problemlərinin həlli və onların universitet mühitinə uyğunlaşmasına dəstək olmaq kimi sahələrdə aktiv rol alıram. Bu təcrübələr həm şəxsi, həm də peşəkar inkişafımda mühüm yer tutur. Tələbəlik həyatım olduqca aktiv və səmərəli keçir. Universitetdə təşkil olunan tədbirlərdə, seminarlarda və sosial layihələrdə iştirak edərək həm çevrəmi genişləndirmiş, həm də özümə inamımı artırmışam. Müəllimlərimlə qurduğum sağlam münasibətlər və onların dəstəyi inkişafımda xüsusi rol oynayır.

Naxçıvan Dövlət Universiteti mənə yalnız ixtisasımla bağlı biliklər qazandırmayıb, eyni zamanda fərqli düşünməyi, problemləri həll etməyi və insanlarla effektiv ünsiyyət qurmağı da öyrədib.

Bu yolda başda universitet rəhbərliyinə və onların komandasına minnətdaram. Onların diqqətli, səmimi və qayğıkeş münasibəti bizi daha da motivasiya edir.

Əgər yenidən seçim etmək imkanım olsaydı, heç düşünmədən yenə də eyni universiteti seçərdim.

Gülay Kərimli: Naxçıvan Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi" ixtisasına 650,3 yüksək giriş balı ilə qəbul olmuşam. Ali təhsilimin ilk ilindən etibarən universitetin ictimai həyatında yaxından iştirak edərək, çoxsaylı layihələrdə könüllü fəaliyyət göstərmiş, eyni zamanda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədr müavini daha sonra isə sədri vəzifəsində səmərəli idarəçilik fəaliyyəti həyata keçirmişəm. İkinci tədris ilində təşkilatçılıq və liderlik bacarıqlarımı daha da təkmilləşdirərək fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişəm və hazırda bu vəzifəni icra etməkdəyəm.

İctimai aktivliyimlə yanaşı, akademik göstəricilərimi də yüksək səviyyədə saxlayaraq birinci kursun ikinci semestrini 93 orta balla “Nəsrəddin Tusi adına” təqaüdlə, ikinci kursun ilk semestrini isə 96,6 orta müvəffəqiyyət göstəricisi ilə “Heydər Əliyev adına təqaüd”lə tamamlamışam. Hazırda həm elmi, həm də təşkilati sahədə universitetin inkişafına töhfə verməyə davam edirəm. Universitetimizin hərtərəfli inkişafıma verdiyi bu böyük dəstəyi nəzərə alaraq deyə bilərəm ki, NDU mənim üçün hər zaman ən doğru və dəyişməz seçimdir.

Güldanə Haqverdiyeva: Naxçıvan Dövlət Universitetinin “Texnologiya müəllimliyi” ixtisası üzrə II kurs tələbəsiyəm. Məktəb illərindən qarşıma məqsəd qoymuşdum ki, ali təhsilimi məhz bu universitetdə davam etdirim.

Universitetə ilk gəldiyimdə tez adaptasiya ola bilməmişdim. Yeni mühit, yeni insanlar, yeni tələblər - bir müddət hər şey bir az ağır gəlirdi. Amma bir şeyi bilirdim ki: burada dayanıb gözləmək olmaz, özümü inkişaf etdirməliyəm. O hiss məni elmi fəaliyyətə yönəltdi. Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti (TEC) xətti ilə 2024/2025-ci tədris ilində elmi rəhbərimlə bir yerdə yerinə yetirdiyimiz elmi-tədqiqat işi fakültə üzrə ikinci yerə layiq görüldü. Bu, mənim üçün sadəcə bir mükafat deyildi, bu işlərə ciddi yönəlməyimin əsl başlanğıcı elə bu oldu. Tələbə Elmi Cəmiyyəti (TEC) in təşkilatçılığı akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş “Ən yaxşı məqalə” müsabiqəsində III yerə layiq görüldüm. 2026-cı ilin yanvarında isə 2025-ci ildə tələbələrin elmi fəaliyyətinin qiymətləndirilməsi əsasında “İlin Tədqiqatçı Tələbəsi” adına layiq görüldüm.

Böyük qürur hissi ilə bildirmək istəyirəm ki Bakı Ali Neft Məktəbinin təşkil etdiyi “İntellektual Sistemlər və Kibertəhlükəsizlik” konfransına təqdim etdiyim məqalənin rəyçilər tərəfindən qiymətləndirilib qəbul olunması mənim üçün yeni bir mərhələ oldu. Önümüzdəki günlərdə həmin konfransa dəvət olundum.

Hazırda Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədr müaviniyəm. Bu mövqe mənə liderlik, təşkilatçılıq və məsuliyyət bacarıqları qazandırıb. Bu fəaliyyətimlə yanaşı fakültəmizin Ümummilli Lider Heydər Əliyev adına adlı təqaüdçüsüyəm. Bu təqaüd mənim üçün həm böyük qürur, həm də daha çox çalışmağım üçün motivasiyasıdır. Öz inkişafımı daim prioritet hesab edirəm. Süni intellekt və rəqəmsal texnologiyalar sahələrində (Google, Microsoft, Vanderbilt Universiteti və University of Colorado) beynəlxalq sertifikat proqramlarını tamamlamışam. İxtisasımla bağlı hazırladığım əl işləri isə sərgilərdə nümayiş etdirilir, böyük rəğbətlə qarşılanır.

Bütün bunları danışarkən bir şeyi mütləq deməliyəm ki, bu nailiyyətlərin arxasında yalnız fərdi səy durmur. Fakültə rəhbərliyinin və hər bir müəllimimizin göstərdiyi ardıcıl diqqət, yol göstərmə və mənəvi dəstək olmasaydı, bu mərhələlərə bu qədər inamlı çatmaq mümkün olmazdı. Elmi-tədqiqat işlərinin istiqamətləndirilməsindən tutmuş müsabiqə proseslərinə, təqaüd müraciətlərindən konfrans hazırlığına qədər hər addımda fakültə rəhbərliyinin əməli töhfəsini hiss etmişəm. Bu dəstək mənə yalnız imkan deyil, özümə inam hissi qazandırdı. Buna görə minnətdarlığımı bildirirəm.

Raiq Rəcəbli: 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin "İnstrumental ifaçılıq" ixtisasına qəbul olmuşam. Naxçıvan Dövlət Universitetini seçmə səbəbim sənətimin, yəni musiqinin bu universitetdə yüksək dərəcədə inkişaf etməsidir. NDU-nu seçmək mənə həddindən artıq müsbət təsir edib, və yüksəlməyə səbəb olub. Universitet mənə təcrübə, yüksək təhsil qazandırıb. Əgər bir daha seçim haqqım olsa, NDU-nu yenidən seçərdim. NDU-da tələbəlik həyatım çox maraqlı keçir. Burada keçirilən dərslər ilə təhsilim daha çox təkmilləşib. Naxçıvanda ilk dəfə olaraq keçirilən "Jazz Night" konsertində, bundan əlavə olaraq Müstəqillik günü, Milli Musiqi günü, Zəfər günü, və.s bir çox tarixi günlərimizə həsr olunmuş konsertlərdə iştirak edərək təcrübəmi dahada gücləndirmişəm. 2025-ci ildə ilk solo konsertimi yüksək səviyyədə həyata keçirərək daha çox uğur əldə etmişəm. Bu uğurların nəticəsi olaraq Naxçıvan Dövlət Universiteti tərəfindən dəfələrlə təşəkkürnamələr, və mükafatlar qazanmışam.

Sorğunu hazırladı: Gülay Tahirli

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: