Seçim təsadüfi bir tarix deyil, əksinə, dərin simvolik və mədəni mənalarla yüklənmiş, zamanın yaddaşına həkk olunmuş bir hadisədir. 23 aprel dünya ədəbiyyatının üç böyük zirvəsinin – Uilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso de la Veqa kimi söz ustadlarının adı ilə bağlı olaraq ədəbiyyat tarixində əbədi rəmzə çevrilmişdir.
Belə bir günün yaranması sadəcə təqvim uyğunluğu kimi qəbul edilmir, əksinə, bəşəriyyətin sözə, düşüncəyə və yaradıcılıq qüdrətinə verdiyi ali dəyərin poetik təcəssümü kimi dərk olunur. Çünki həmin dahilərin hər biri öz xalqının ruhunu, tarixi yaddaşını və həyat fəlsəfəsini sözün sehrli gücü ilə ifadə etmiş, onu milli sərhədlərdən çıxararaq ümumbəşəri mədəniyyət xəzinəsinə çevirmişdir.
Bu baxımdan 23 aprel yalnız xatirələrin yad edildiyi bir gün deyil, eyni zamanda sözün ölməzliyini, yaradıcılıq ruhunun zamanın sərt axınını aşaraq yaşamaq gücünü simvolizə edən mənəvi bir bayramdır. Bu gün insanlığı düşündürən, ona yol göstərən, yaddaşını oyadan ədəbi irsin əbədiliyinə ehtiramın ifadəsidir.
Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, lakin böyük söz ustadlarının yaratdığı əsərlər sanki hər dəfə yenidən doğulur, yeni oxucuların düşüncəsində fərqli mənalar qazanır. Onların sözləri keçmişlə bu günü birləşdirən görünməz körpüyə çevrilir, insan təfəkkürünü daim hərəkətdə saxlayır.
23 aprel sözün ölməzliyinin, ədəbiyyatın isə zaman üzərində qələbəsinin ən parlaq, ən poetik və ən sarsılmaz ifadəsi kimi insanlığın mədəni yaddaşında yaşayır. Kitab – sadəcə kağız üzərində sıralanan sözlər deyil. O, insanın daxili aləminin aynası, düşüncənin səsi, ruhun nəfəsi, zamanın yaddaşıdır. Kitab keçmişlə gələcək arasında qurulan görünməz, lakin sarsılmaz bir körpüdür. Hər bir kitab bir taledir, bir həyat hekayəsidir, bir dünyadır – bəzən gerçəkliyin, bəzən isə insan təxəyyülünün yaratdığı sonsuz aləmlərin bədii təcəssümüdür. Kitab vasitəsilə insan yalnız bilik əldə etmir, o, eyni zamanda düşünür, hiss edir, müqayisə aparır və mənəvi cəhətdən kamilləşir.
Məhz buna görə də UNESCO kitabı yalnız bilik mənbəyi kimi deyil, həm də mədəni müxtəlifliyin qoruyucusu, xalqlar arasında mənəvi körpü yaradan vasitə və insanlığın ortaq yaddaşını yaşadan ən qiymətli sərvətlərdən biri kimi dəyərləndirir. “Oxuyun... Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz.” – bu çağırış təsadüfi səslənmir. Bu sözlərin arxasında insanın mənəvi ehtiyaclarına, onun daxili aləminə yönəlmiş dərin bir həqiqət dayanır. Müasir dünyanın sürətli və bəzən yorucu ritmi, texnologiyanın həyatımıza hakim olduğu bir dövrdə insan getdikcə daxili sükuta, mənəvi dayağa və ruhani harmoniya mənbəyinə daha çox ehtiyac duyur.
Xüsusilə son illərdə yaşanan qlobal sarsıntılar, o cümlədən COVID-19 pandemiyası bu ehtiyacı daha aydın şəkildə üzə çıxardı. İnsanlar tənhalıqdan çıxış yolunu, ümidin səsini və mənəvi təsəllini məhz Demək ki, kitab insanın ən səssiz, lakin ən sadiq həmsöhbətinə, ən etibarlı sirdaşına çevrildi. O, danışmadan danışan, susaraq düşündürən və hər dəfə yeni mənalar açan bir mənəvi yol yoldaşı kimi insan həyatında əvəzsiz yer tutur.
Bu günün ən mühüm tərəflərindən biri də müəlliflik hüquqlarının qorunması ideyası ilə bağlıdır. Çünki hər bir kitab – bir ömrün, bir zəhmətin, bir düşüncənin və yaradıcı axtarışların məhsuludur. Müəllif hüquqları qorunduqca yaradıcılıq azadlığı təmin olunur, ədəbiyyat inkişaf edir, mədəni irs zənginləşir və bu zənginlik gələcək nəsillərə daha sağlam və bütöv şəkildə ötürülür. Məhz bu baxımdan UNESCO tərəfindən təsis edilmiş bu gün yalnız kitabın deyil, həm də müəllif əməyinin və intellektual mülkiyyətin qorunmasının təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda da bu günün qeyd olunması artıq gözəl və davamlı bir ənənəyə çevrilmişdir. 1997-ci ildən etibarən ölkəmizdə təşkil olunan kitab sərgiləri, ədəbi-bədii gecələr, oxucu konfransları və müxtəlif yaradıcılıq tədbirləri cəmiyyətin kitabla əlaqəsini daha da möhkəmləndirir. Bu tədbirlər təkcə rəsmi mərasim xarakteri daşımır, eyni zamanda kitabın həyatımızdakı yerini bir daha xatırladan, insanları mütaliəyə səsləyən mühüm mənəvi çağırış kimi çıxış edir.
Bugünkü gənclik üçün isə ən böyük vəzifələrdən biri kitabı yenidən kəşf etməkdir. Yeni janrlarla tanış olmaq, fərqli düşüncə sistemlərini anlamağa çalışmaq, sözün dərin qatlarına enmək bu prosesin ayrılmaz hissəsidir. Çünki kitab oxuyan insan yalnız öz daxili dünyasını zənginləşdirmir, o, eyni zamanda dünyanı daha geniş, daha obyektiv və daha dərindən dərk etməyə başlayır.
23 aprel bizə bir mühüm həqiqəti bir daha xatırladır: kitab – insanlığın yaddaşıdır. O, zamanın sınaqlarından keçmiş, əsrlərin yaddaşını özündə yaşadan ən etibarlı yol yoldaşıdır. Kitablar vasitəsilə bəşəriyyət öz keçmişini qoruyur, bu gününü dərk edir və gələcəyini formalaşdırır.
Bu mənalı gündə hər birimiz bir anlıq dayanaraq bir kitab vərəqləsək, bəlkə də yalnız oxuduqlarımızı deyil, öz daxili dünyamızı da yenidən kəşf edərik. Çünki kitab insanı sadəcə məlumatlandırmır, onu düşünməyə vadar edir, hisslərini oyadır və ruhunu zənginləşdirir. Kitab oxuyan insan təkcə oxumur – o, yaşayır, hiss edir, düşünür və dəyişir. Və bəlkə də ən əsası, o, özünü daha dərindən dərk etməyi öyrənir.
Gülxarə Əhmədova
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
