Naxçıvanda cəzaçəkmə müəssisəsində məhkumlar üçün ustad dərslərinə başlanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumların peşə hazırlığının artırılması məqsədilə ustad dərslərinə start verilib.
Dərslər Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihə çərçivəsində məhkumlara müxtəlif sahələr, xüsusilə təsviri incəsənət və yaradıcılıq istiqamətləri üzrə peşəkar mütəxəssislər tərəfindən nəzəri və praktiki biliklər aşılanır.
Təşəbbüsün əsas məqsədi məhkumların cəmiyyətə yenidən inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilini təmin etmək və gələcəkdə əmək bazarında faydalı peşə sahibi kimi formalaşmalarına şərait yaratmaqdır. Eyni zamanda layihə onların sosial adaptasiyasını gücləndirməyə və təkrar cinayət törətmə riskini azaltmağa yönəlib.
Qeyd edək ki, bu kimi tədbirlər penitensiar sistemdə islahyönümlü fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.