Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2019-cu ilin birinci rübündə nəzərdə tutulan tapşırıqların icrasını təmin edib.
Belə ki, pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülüb, bu məqsədlə tələb olunan 35 milyon 248 min manat vəsait pensiyaçıların kart hesablarına köçürülüb. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilib, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına 746 min manat vəsait köçürülüb.
2019-cu ilin birinci rübündə müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 18 milyon 216 min 900 manat vəsait daxil olub, pensiya hüququ yaranan 405 vətəndaş üçün əmək pensiyası təyin olunub. Yeni təyin olunan pensiyaçılardan 253-ü yaşa, 41-i əlilliyə, 111-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub. Ötən dövrdə 63 pensiyaçının müraciəti nəzərə alınaraq pensiyaları kəndlərdəki poçt bölmələrində ödənilib. Əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması işi də diqqətdə saxlanılıb, 322 nəfərə fərdi hesab açılıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il 7 fevral tarixli Sərəncamına əsasən cari il yanvar ayının 1-dən etibarən əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 3 faiz artırılıb. Sərəncamın icrası nəticəsində muxtar respublika üzrə 48 min 900 nəfərə yaxın pensiyaçının pensiyasında artım qeydə alınıb. Həmçinin fərdi uçot sistemində qeydiyyatda olan 172 min 309 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçirilib. Dövlət başçısının humanist təşəbbüsü əsasında mart ayının 1-dən etibarən əmək pensiyasının minimum məbləği 38 faiz artırılaraq 160 manata çatdırılıb. Bu istiqamətdə operativ tədbirlər həyata keçirilib və mart ayının ilk on günlüyündə bütün pensiyaların artımla verilməsi təmin olunub. Görülən tədbirlər nəticəsində muxtar respublika üzrə ümumilikdə 11 min 330 nəfərin pensiyalarının məbləği 160 manata çatdırılıb.