Naxçıvanda amnistiya aktının icrası yekunlaşıb

A- A A+

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarın icrası başa çatıb. 

Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikasında da 4 ay müddətində həyata keçirilib.

Bu barədə NUHÇIXAN-a Naxçıvan MR Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyalardan biridir. Sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə muxtar respublikada 305 şəxsə şamil edilib.

Amnistiya tətbiq olunan şəxslərin 62-si müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 78 nəfərin cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb.

Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 165 şəxsə də amnistiya tətbiq olunub. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 107, islah işləri cəzasına məhkum olunmuş 8, ictimai işlər cəzasına məhkum edilmiş 1, cərimə cəzasına məhkum edilmiş 11 nəfər bu cəzalardan azad edilib. Eyni zamanda, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş 38 şəxs barəsində də amnistiya tətbiq edilib.

Qeyd edək ki, 1996-cı ildən etibarən qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə və bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: