Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində neyrosonoqrafiya müayinəsi bu günlər ən çox müraciət edilən sahələrdən biridir. Burada 2016 –cı ildən “LOGİQ A5” ultrasəs müayinə aparatı vasitəsilə hər bir yenidoğulmuş körpə neyrosonoqrafiya müayinəsindən keçir. Müayinə, Türkiyə və Bakı şəhərində müxtəlif kurslar keçmiş həkim Aysel Baxşıyeva tərəfindən aparılır. Cari ilin ilk rübündə burada doğulan 501 körpənin 17-də anadangəlmə inkişaf qüsuru, müxtəlif baş beyin patologiyaları aşkarlanaraq vaxtında müalicəyə göndərilib.
Həkim Aysel Baxşıyeva NUHÇIXAN-a bildirib ki, hər bir valideyn neyrosonoqrafiya müayinəsinin əhəmiyyətini bilməlidir. Belə ki, neyrosonoqrafiya– baş beynin ultrasəs müayinəsi ilə yoxlanmasıdır. Bu müayinə yarımçıq doğulmuşlarda, vaxtında doğulmuşlarda və südəmər körpələrdə kəllə sümüklərinin hələ birləşmədiyi bir hissə-əmgək adlanan diaqnostik pəncərədən aparılır. Neyrosonoqrafiya vasitəsilə baş beyindəki bir çox strukturlar haqqında məlumat alınır. Bu üsul baş beyindəki anadangəlmə qüsurları, kəllədaxili qansızmaları, kəllədaxili təzyiqi və digər prosesləri aşkarlamağa kömək edir. Neyrosonoqrafiya müayinəsinin ən mühüm üstünlüyü rentgen, KT (kompüter tomoqrafiya), MRT-dən (maqnit-rezonans tomoqrafiya) fərqli olaraq heç bir şüalanma riskinin və narkoz ehtiyacının olmamasıdır.
Qeyd edək ki, yenidoğulmuş körpələr ana bətnində, doğuş vaxtı, doğulduqdan sonra bir çox faktorların təsirinə məruz qalırlar. İnfeksiyalar, müxtəlif dərman maddələri, travmalar, ananın xəstəlikləri və s. inkişaf edən orqanizmə ciddi zərər verə bilər. Bunların təsirindən orqanizmdə, xüsusilə də beyin toxumasında bir sıra patologiyaların meydana çıxması da mümkündür. Buna görə də, aparılan neyrosonoqrafiya müayinəsi bu patalogiyaların vaxtında aşkarlanmasına və beləliklə də vaxtında müalicə olunması ilə körpənin sağlam böyüməsinə şərait yaradır.
Hüseyn Əsgərov