Son 3 ayda 1620 abunəçi internetlə təmin olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi bu ilin 3 ayında da uğurla davam etdirilib.

Ordubad rayonunun Dəstəkənd mərkəzinin açılışı olub, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilib. Rabitə evində quraşdırılan yeni nəsil 704 nömrəlik Avtomat Telefon Stansiyası Dəstə kəndində 518 abonentə və 370 internet istifadəçisinə xidmət edir. Həmçinin Şərur rayonunun Kərimbəylikənd mərkəzinin açılışı olub, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilib. Rabitə evində quraşdırılan yeni nəsil 384 nömrəlik Avtomat Telefon Stansiyası Kərimbəyli kəndində 241 abonentə və 106 internet istifadəçisinə xidmət edir.

Həmçinin Ordubad rayonunun Dəstə və Şərur rayonunun Kərimbəyli kəndlərində poçt bölməsi yeni binaya köçürülüb, bütün işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulub və digər lazımi avadanlıqlarla təmin olunub. Nömrə tutumlarının artırılması nəticəsində rüb ərzində 510 yeni telefon nömrəsi istismara verilib.

Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin artıq 4 mərhələsi başa çatdırılıb. Ötən ilin noyabr ayında Culfa rayon ərazisində yeni nəsil telekommunikasiya sisteminin qurulması ilə əlaqədar Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə müqavilə imzalanıb və avadanlıqlar muxtar respublikaya gətirilib. Hazırda avadanlıqların montaj quraşdırma işləri davam etdirilir. 2019-cu ilin üçüncü rübünədək layihənin başa çatdırılması nəzərdə tutulur.

Hesabat dövründə pensiya alanların sayı 398 nəfər olmaqla 81200 manat məbləğində pensiya paylanılıb. Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə “Naxçıvanpoçt” MMC-nin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatının hazırlanması başa çatdırılıb və fevral ayının 1-dən istifadəyə verilib. Həmçinin “Naxçıvanpoçt” MMC-nin şəhər, rayon və kənd bölmələrində məftilli internet abunəçiləri üçün balans artırma və tullantı vəsaitlərinin qəbulu üçün proqram təminatı hazırlanıb işə salınıb, bələdiyyə xidmət rüsumlarının toplanması da avtomatlaşdırılıb, müvafiq proqram təminatı hazırlanıb.

Rüb ərzində muxtar respublika ərazisində, ümumilikdə, 19651 metr fiber-optik kabel xətti çəkilib, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 1620 yeni abunəçi internetlə təmin olunub, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: