NUHÇIXAN xəbər verir ki, mart ayının əvvəlindən Şahbuz rayonunun Türkeş kəndində kompleks quruculuq işlərinə başlanılıb.
Kənd yolu əsaslı surətdə yenidən tikilir, məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunur. Məktəb binası ikimərtəbəli olacaq. 11 sinif otağı, kitabxana, idman zalı, müxtəlif laboratoriyalar, hərbi kabinə, elektron və şahmat sinifləri və kompüter otağı yaradılacaq. Məktəb üçün ayrıca qazanxana da tikiləcək.
Həmçinin kənd mərkəzi də ikimərtəbəli tikilir. Birinci mərtəbədə poçt, avtomat-telefon stansiyası, kitabxana, tibb otağı, polis və baytarlıq xidməti fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, YAP ərazi ilk təşkilatı və klub yerləşəcək.
Birmərtəbəli olacaq xidmət mərkəzində kənd sakinlərinə müxtəlif məişət və ticarət xidmətləri göstəriləcək. Həmçinin kənddə yeraltı suvarma şəbəkəsinin də tikintisinə başlanılıb.
Qeyd edək ki, Türkeş kənd yolu da əsaslı şəkildə yenidən tikilir. Yolun uzunluğu 4,2 kilometrdir. İndiyədək 2 kilometr məsafədə torpaq işləri görülüb. Yolun 1,6 kilometrinə isə qum-çınqıl verilib. Yol iki zolaqlı olacaq. Yolda su keçidləri də tikilir. Yol yatağı bərkidilir və digər tikinti işləri aparılır.
Əbülfəz Dünyamalıyev