Aprelin 28-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 125, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 16,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 3 tüfəng, 2 patron darağı və 83 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər də saxlanılıb.
