Hazırda Naxçıvan Dövlət Universitetində 19 müxtəlif ölkədən 1800-ə yaxın əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrin NDU-nu seçməsi, bu sayın hər il daha da artması universitetimizin beynəlxalq nüfuzunun, təhsil keyfiyyətinin gündən-günə yüksəlməsinin bariz nümunəsidir.
Müxtəlif ölkələrdən olan tələbələrimizin təcrübəsi, fikirləri hər zaman maraq doğurur. Bu dəfə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Medicine” ixtisası üzrə təhsil alan II kurs tələbəsi, Banqladeş vətəndaşı Riazul İslamla həmsöhbət olduq. Riazul həm akademik, həm də yaradıcılıq baxımından olduqca uğurlu tələbədir. Onun universitet seçimi, təhsil prosesi və tələbəlik həyatı ilə bağlı təəssüratlarını öyrənməyə çalışdıq.
Niyə məhz Naxçıvan Dövlət Universitetini seçdiniz?
Təqaüd imkanlarını araşdırarkən Azərbaycan Respublikası tərəfindən təqdim olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan nüfuzlu “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı ilə rastlaşdım.
Özüm üçün uyğun universitet axtararkən siyahıda Naxçıvan Dövlət Universitetini gördüm. Bu universitet “Tibb” də daxil olmaqla müxtəlif ixtisaslar üzrə təhsil təklif edirdi. Həmçinin, burada çoxlu əcnəbi tələbənin olduğunu öyrəndim. Bu universitetin mənim karyeram üçün ideal seçim ola biləcəyini düşündüm və heç tərəddüd etmədən müraciət etdim. 2024-cü ildən bəri buradayam.
NDU sizə nələr qazandırdı?
NDU-da təhsil almaq mənim tibb sahəsində akademik biliklərimi möhkəmləndirib və tənqidi düşünmə bacarıqlarımı inkişaf etdirib. Eyni zamanda bu təcrübə mənim daha nizamlı və dərslərimə daha fokuslu olmağıma kömək edib. NDU mənim beynəlxalq mühitə uyğunlaşma qabiliyyətimi və ünsiyyət bacarıqlarımı artırıb, həmçinin özünəinamımı yüksəldib. Ümumilikdə, bu proses məni daha özünəinamlı və müstəqil bir şəxsiyyətə çevirib.
Azərbaycanlı tələbələrlə ünsiyyət qura bilirsiniz? Dilimizi nə dərəcədə öyrənmisiniz?
Bəli, mən onlarla ünsiyyət qura bilirəm. Hazırda ingilisdilli ixtisasda təhsil alıram. Azərbaycan dilində hələ tam sərbəst danışa bilməsəm də, əsas söhbətlər və lazım olduqda bədən dili vasitəsilə bir-birimizi başa düşə bilirik. Buradakı insanlar çox sadə və dəstəkləyicidirlər, bu da ünsiyyəti daha asan edir. Məncə, dil nə qədər vacib olsa da, qarşılıqlı hörmət və bir-birini anlamağı bacarmaq daha önəmlidir.
Azərbaycanın zəngin mətbəxi var. Hansı yeməyimizi daha çox bəyənirsiniz?
Maraqlıdır ki, Banqladeş və Azərbaycan mətbəxləri arasında oxşarlıqlar var. Mənim sevdiyim Azərbaycan yeməklərindən biri kababdır. Onun özünəməxsus dadını çox bəyənirəm. Azərbaycan mətbəxinin ət və quru meyvələrlə birlikdə hazırlanan ətirli plovunu da çox sevirəm. Dadların balansı bu yeməyi çox ləzzətli edir.
Hansı Azərbaycan musiqilərini dinləyirsiniz? Azərbaycan mədəniyyəti ilə doğmalaşa bilmisiniz?
Mən musiqiyə çox tez-tez qulaq asan biri deyiləm, amma milli Azərbaycan musiqisini, xüsusilə, Muğamı çox sevirəm. Muğamın dərinliyi adamı lap uzaqlara aparırır.
Bəli, Naxçıvan Dövlət Universitetinin təşkil etdiyi festivallar, konsertlər, tədbirlər, həmçinin yerli ənənələr və insanlarla ünsiyyət vasitəsilə Azərbaycan mədəniyyəti ilə əlaqə qurmaq imkanım olub. Bu təcrübələr mənə bu mədəniyyəti daha dərindən anlamağa və daha yaxşı qiymətləndirməyə kömək edib.
NDU həm də yaddaqalan tədbirləri ilə seçilir. Hansı tədbirlərimizdə iştirak etmisiniz?
NDU il ərzində bir çox yadda qalan milli və beynəlxalq tədbirlər təşkil edir və mən bu tədbirlərin bir neçəsində iştirak etmək imkanı əldə etmişəm. Bunlar arasında Novruz şənliyi mənim üçün indiyə qədər ən yadda qalanı olub. O, mənə Azərbaycan mədəniyyətini və ənənələrini çox canlı və mənalı şəkildə təcrübə etmək imkanı verdi.
Öz ixtisasınıza necə yiyələnirsiniz? Sizə yaradılan imkanlardan, məsələn, kitabxanadan, laboratoriyalardan necə istifadə edirsiniz?
Laboratoriyalar tibb təhsili üçün lazım olan avadanlıqlarla yaxşı təchiz olunub və müəllimlərimiz dərslərin çoxunu burada keçirlər. Bu praktiki dərslər bizim mövzuları daha yaxşı başa düşməyimizə və tətbiq etməyimizə şərait yaradır. Universitet kitabxanası geniş çeşiddə vacib kitablar, internet imkanı və rahat oxu mühiti təqdim edir ki, bu da mənim öyrənmə prosesimi asanlaşdırır. Ümumilikdə, bu resurslar akademik bacarıqlarımın və biliklərimin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir.
Nə kimi bacarıqlarınız var?
Mənim müxtəlif incəsənət sahələrində dərsdənkənar fəaliyyətlər üzrə 100-dən çox sertifikatım və mükafatım var. İlk layihəm müxtəlif hekayələrin qarışığından ibarət idi: triller, emosional dram və poeziya. İkinci layihəm isə fəlsəfi yazı sahəsində bir eksperiment idi.
Uşaqlıqda bir neçə dəfə Milli Televiziyada mahnı oxumuşam. Mən ixtisaslaşmış (təlimli) müğənniyəm. Eyni zamanda debat komandalarında kapitan kimi rəhbərlik etmişəm.
NDU-dakı müəllimlərinizlə bağlı təəssüratlarınızı öyrənmək istərdik.
Naxçıvan Dövlət Universitetində müəllimlər çox yardımsevər və səbirli insanlardır. Onlar hər zaman dərslərimizdə bizə dəstək olmağa və suallarımızı aydınlaşdırmağa çalışırlar. Digər vacib məqam isə odur ki, təkcə NDU-dan olan azərbaycanlı professorlar deyil, eyni zamanda dünyanın müxtəlif universitetlərindən gələn əcnəbi mütəxəssislər də bizimlə biliklərini bölüşürlər. Bu da akademik inkişafımız və dünyagörüşümüzün genişlənməsi üçün çox faydalıdır.
Azərbaycandan ölkənizə qayıdanda özünüzlə aparmaq istədiyiniz bir ənənə varmı?
Ölkəmə qayıtdıqda, Azərbaycan xalqına xas olan güclü qonaqpərvərlik və qonaqlara hörmət ənənəsini özümlə aparmaq istərdim. İnsanların gündəlik ünsiyyətdə göstərdiyi mehribanlıq və qayğı, həqiqətən, heyran olduğum xüsusiyyətlərdəndir. Həmçinin birlik, yenilənmə və həmrəyliyi təcəssüm etdirən Novruz bayramının qeyd olunması kimi mədəni ənənəni də davam etdirmək istərdim.
NDU-nu seçmək istəyən əcnəbi tələbələrə nə tövsiyə edərdiniz?
Xüsusilə, mənim ölkəmdən və bölgəmdən olan beynəlxalq tələbələrə tövsiyə edərdim ki, universitetə başlayarkən açıq fikirli olsunlar və yeni mühitə uyğunlaşmağa hazır olsunlar. NDU çox yaxşı təhsil və mehriban sosial mühit təqdim edir, buna görə də mövcud imkanlardan maksimum yararlanmaq çox vacibdir. Fəal olmaq, hörmətli davranmaq və həm dərslərə, həm də mədəni həyata qoşulmağa istəkli olmaq bu təcrübəni daha mənalı və uğurlu edəcək.
Son olaraq, əgər yenidən seçim etmək şansınız olsaydı, yenə NDU-nu seçərdinizmi?
Əgər seçim etmək şansım yenidən olsaydı, yenə də Naxçıvan Dövlət Universitetini seçərdim. Mən 2024-cü ildən bəri Naxçıvandayam, artıq demək olar ki, iki ildir. Təhsilimə görə 2031-ci ilə qədər burada qalmalı olacağam. Həyatımın mühüm bir hissəsi burada keçir və keçəcək.Naxçıvan mənim ikinci evimdir və burada olan insanlar mənim öz ailəm kimi olublar. Hər şeydən çox universitetimi sevirəm. Təhsilimi bitirdikdən sonra belə, əgər yenidən imkanım olsa, bu universitetə və bu şəhərə qayıtmaq istərdim.
Söhbətləşdi: Gülay Tahirli
