Naxçıvan Biznes Mərkəzində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinə dair konfrans keçirilib - FOTOLAR

A- A A+

Aprelin 16-da Naxçıvan Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin açılış konfransı olub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi də daxil olmaqla, Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlərinin artırılması” layihəsi muxtar respublikanın qadın sakinlərinin maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda, gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunmasına xidmət edir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında gender bərabərliyinə xüsusi önəm verilir. Qadınların cəmiyyətdə mövqeləri möhkəmləndirilir, dövlət idarəçiliyində qadınların təmsilçiliyi və irəli vəzifələrə çəkilməsi təmin olunur. Muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Səbuhi Məmmədov deyib: Hazırda muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatları kimi dövlət qeydiyyatına alınan 1022 təsərrüfatdan 177-si qadınlar tərəfindən idarə olunur. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına dövlət dəstəyinin göstərilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi yolu ilə maliyyə çətinliklərinin həlli və istehsalın stimullaşdırılması həyata keçirilir. Belə ki, 2017-2018-ci illərdə muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün 1 milyon 790 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, əsas icraçı tərəfdaş olan BMT-nin İnkişaf Proqramı, eləcə də Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA) ilə birgə Avropa İttifaqının Naxçıvanda maliyyələşdirdiyi bu layihədən gözləntiləri kifayət qədər çoxdur. Maliyyə savadlılığının öyrədilməsi, biznes bacarıqlarının inkişaf etdirilməsi və ənənəvi məhsulların təşviqi qadınların öz ehtiyaclarını təmin etmək iqtidarında olduqlarını göstərəcək, müasir cəmiyyətin inkişafına töhfə verə bilmələri üçün potensiallarını ortaya qoyacaqdır. Bu layihə çərçivəsində yaradıcılığa və ya istehsala meyilli 300-dən çox sahibkar və ya startap qadınlar keçirilən təlimlərə cəlb olunarsa, onlara müəyyən həcmdə sərmayə köməkliyi göstəriləcək. Bu, ilk növbədə, qadınların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının inkişafına təkan verməklə, yeni sahibkar qadınların yaranmasına şərait yaradacaq.

Qeyd olunub ki, bu yeni təşəbbüs qadınlar üçün pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırılması, biznes idarəçiliyi, borc idarəetmə üsulları və yeni biznesin qurulması üçün tələb olunan digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılmasına və maliyyə müstəqilliyinin təmin edilməsinə dəstək göstərəcək.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti qadınların sosial və iqtisadi səlahiyyətlərinin artırılmasında onların maliyyə müstəqilliyinin vacibliyini önə çəkərək bildirib ki, ölkələr qadınların sahibkarlığı öyrənməyə, biznes qurmağa və onu genişləndirməyə şərait yaradan yeni imkanlara çıxışını asanlaşdırmaqla öz iqtisadi vəziyyətlərini yaxşılaşdıra bilərlər. Belə ki, qadın sahibkarların yaratdığı imkanlar daxili bazarların böyüməsinə və məşğulluq perspektivlərinin artmasına kömək edir.

Diqqətə çatdırılıb ki, layihə fiziki məhdudiyyətli qadınlar da daxil olmaqla, kənd icmalarından olan 300-dən çox qadının biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Qadınlar arasından ən yaxşı biznes ideyasına malik 50 qadın Naxçıvanda və İsmayıllıda biznes fəaliyyətinə başlamaq üçün 500 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.

Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov və Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov çıxış edərək layihənin əhəmiyyətindən, qadınların sahibkarlıq fəaliyyətindəki rolundan bəhs ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının 2018-ci il sosial-iqtisadi inkişafının yekunlarına dair videoçarx izlənilib. Sonra “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlərinin artırılması” layihəsi üzrə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmovanın təqdimatı olub.

Konfransa Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov yekun vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: