Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini cari ilin birinci rübündə də davam etdirib. Dövlət proqramlarının icrası, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması işləri diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ilin ilk rübündə səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı nəzarətdə saxlanılıb, həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatı yaxşılaşıb. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər demoqrafik vəziyyətə də öz təsirini göstərib. Belə ki, 2019-cu ilin ilk rübündə muxtar respublikada 1000 uşaq doğulub.
Ötən dövrdə müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunub və Naxçıvan həkimləri ilə birgə cərrahi əməliyyatlar aparılıb. Həmçinin Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Babək Rayon Mərkəzi Xəstəxanasında, Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası Sədərək Rayon Mərkəzi Xəstəxanasında əməliyyatlar aparıb. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhərinin təhsil müəssisələri işçilərində süd vəzinin profilaktik müayinəsi aparılıb.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya və dezinseksiya tədbirləri də diqqətdə saxlanılıb, hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirləri davam etdirilib, 148 tibb bacısı vaksinasiya olunmaq üçün hepatit B infeksiyasına qarşı müayinə olunub.
Həkim və orta tibb işçiləri Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərilib, Naxçıvan Tibb Kollecində və səhiyyə müəssisələrində nəzəri və təcrübi biliklərə yiyələniblər.
Rüb ərzində “Tibb işçilərinin masaüstü kitabı”, “Sağlam uşaqlarla sağlam gələcəyə” kitablarının təqdimatı olub.
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına və müxtəlif xəstəxanalara müalicəyə göndərişlər davam etdirilib.
2019-cu ilin ilk üç ayında 228 min 130 nəfər tibbi müayinə olunub.