Naxçıvan XIX əsrin əvvəli: isveçrəli yazıçı, səyyah və alimin gözü ilə - FOTOLAR
Rusiya İmperiyasının Şimali Azərbaycandakı sonuncu türk-islam dövlətləri-İrəvan və Naxçıvan xanlıqlarını işğal etməsindən sonra həmin ərazilərin qərb tərəfindən tədqiq edilməsinə başlanıldı. Müxtəlif elm adamları və səyyahlar regionu öyrənmək üçün bura səfərlər etdilər. Onlardan biri də fransız əsilli isveçrəli Frederik Debua de Monperedir (Frédéric Dubois de Montpéreux). 1833-34-cü illərdə Qafqazda olan alim, naturalist, yazıçı, arxeoloq, tarixçi olan Debua de Monperey bu tədqiqatı ilə bağlı “Qafqaz ətrafında səyahət” adlı 6 cildlik nəşr etdirir. Öz müşahidələrini avropalı oxuculara daha dəqiq çatdırmaq üçün sonrakı illərdə ona əlavə olaraq atlas və illüstrasiyaları da əlavə edir. Monpere 1834-cü ilin mart ayında Naxçıvanda olanda Nuh peyğəmbərin qəbrüstü abidəsinin qalıqlarını və Möminə Xatın türbəsinin rəsmlərini çəkib. Kitabında bu haqda Monpere yazır: “Nuh peyğəmbərin məzarüstü türbəsi, tikilinin üslubu və istifadə olunan materialları Naxçıvandakı digər abidələrdə olduğu kimidir. Bu da sübut edir ki, abidə müxtəlif əmirlərin (burada müəllif Naxçıvanı və bölgəni uzun əsrlər boyu idarə edən türk-islam hökmdarlarını nəzərdə tutur) idarəçiliyi zamanı vaxtaşırı yenilənib.
Naxçıvan Xanlığının Rusiya İmperiyasının nəzarətinə keçməsindən cəmi 6 il sonra bölgədə olan Debua de Monpereni Ehsan xanın və yerli zadəganların dünyagörüşü, müasirliyi və yeniliyə meyilliliyi təəccübləndirir. Fransız dilində yazdığı kitabının Naxçıvana aid bölməsində səyyah bir hadisə haqda bəhs edir: “Hazırkı xan və Naxçıvanın hakimi Ehsan xan öz sarayını məhz bu qədim abidələrin arasında, bu türbənin lap yanında tikdirib. Şərqlə bağlı biliklərimdən mənə məlum olmayan formalı gözəl tərtibat verilən binadır. Bir gün axşam həmin yerdə məni qonaq edərkən Ehsan xan mənə dedi:-“Bu gün mən sənə şərq qaydası ilə, sabah isə bir rus kimi rəftar edəcəyəm”. Mənə söylədilər ki, ayaqlarımı bükərək gözəl bir xalçanın üzərində oturub quş əti ilə qarışdırılmış və piramidaya oxşar plov yeyəcəyəm. Yeyərkən isə çəngəl yerinə barmaqlarımdan və lavaşdan istifadə etməli olacağam. İçki olaraq isə sadəcə şərbət içəcəyəm. Bu belə də oldu.
Sabah isə dekorasiyalar tamam dəyişildi. Naxçıvanın bütün zadəganları böyük qonaq otağında qəbul edildi. Masa və stullar düzülmüşdü. 25 nəfərlik qonaq üçün örtüklü, dəsmallı, kristal şüşəli və Avropa sayağı bəzənən masada biz kart oynayırdıq. Məndə bir sual yarandı-dörd-beş il bundan öncə bütün bunları Naxçıvanda təsvir edə bilərdikmi?”
Anar İbrahimov