NUHÇIXAN xəbər verir ki, Naxçıvanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti Naxçıvanqalada keçirilən “Kətə” festivalında iştirak edib. Qonaq jurnalistlərə bildirib: - “Bu, mənim Naxçıvana ilk gəlişimdir. Şəhəriniz çox gözəl və təmizdir, insanlarınız isə qonaqpərvər. Burada keçirilən festival da çox möhtəşəmdir. Muxtar respublika gənclərinin də gülərüzlülüyü, yüksək əhval-ruhiyyəsi diqqətimi çəkdi. Keçirilən fləşmobda gənclərin fəal iştirakı və milli musiqinin təbliğ olunması da təqdirəlayiq haldır. Burada kətənin necə bişirildiyinin şahidi oldum. Kətəni ilk dəfə yedim və çox xoşuma gəldi. Onun bişirildiyi təndir haqqında da məlumat aldım. Festivaldakı fərqlilik və rəngarənglik çox xoşuma gəldi. Elə düşünürəm ki, dünyanın hansı ölkəsindən bura gəlib bu yeməkləri dadan olsa, mütləq bundan ləzzət alacaq. Bu ləzzətli təamlardan sevə-sevə dadacağam”.