Bizim üçün çox xoşdur ki, "Zəngəzur yolu – tarixin izi ilə" adlı konfransda iştirak etmək üçün Azərbaycana səfər etmişik və bu çərçivədə Naxçıvana gəlmişik.
Bu sözləri NUHÇIXAN-a müsahibəsində Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov deyib.
O, qeyd edib ki, bu, Naxçıvana ilk səfəridir: "Həm bu gözəl diyarı görmək, həm də xalqımızı daha yaxından tanımaq baxımından səfər mənim üçün çox əhəmiyyətlidir. Belə konfrans və tədbirlərin təşkili həm bizim üçün, həm də dünyada yaşayan azərbaycandilli, türkdilli müsəlmanlar üçün çox faydalı və vacibdir".
M.Əsədovun sözlərinə görə, bu cür tədbirlər milli-mənəvi dəyərlərin qorunmasına, bir-birimizi daha yaxından tanımağa və ortaq problemləri müzakirə edərək onların həlli istiqamətində gələcək addımların müəyyənləşdirilməsinə kömək edir: "Bu cür tədbirlərin davamlı olması əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Belə görüşlər nə qədər çox təşkil olunsa, Azərbaycanın hər bölgəsində keçirilsə, bir o qədər faydalı olar. İki dəfə işğaldan azad edilmiş ərazilərdə olmuşam. Bu səfərlər mənim üçün çox qürurverici və duyğusal anlarla yadda qalıb.
Bir zamanlar torpaqlarımızın işğal altında olması bizim üçün ağır idi. Şükür ki, bu çətin dövrü arxada qoyduq. Bu gün Azərbaycanın ərazi bütövlüyünü görmək və onu bütöv şəkildə ziyarət etmək hər birimiz üçün böyük sevincdir".
