Milli Məclis komitəsi yaşıllıqlarla bağlı dəyişiklikləri plenar iclasa tövsiyə edib

A- A A+

Mayın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitənin sədri Sadiq Qurbanov bir neçə gündən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin doğum gününün qeyd olunacağını bildirib. Azərbaycanın inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu və bu gün bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra Sadiq Qurbanov iclasda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib. Qeyd edilib ki, layihədə məqsədli təyinatı əkin, çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinin hüquqi əsasının və bundan irəli gələrək götürmənin mexanizminin yaradılması nəzərdə tutulur.

Sonra iclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Aynurə Kərimova qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, sənəddə bir neçə istiqamətdə dəyişikliklər təklif olunur. Belə ki, layihədə “yaşıllıqların götürülməsi” anlayışına “bərpa edilmədən kəsilməsi” sözlərinin əlavə edilməsi təsbit edilir. Bununla yanaşı, qeyd edilib ki, Qanunun 13.1-ci maddəsində yaşıllıqların götürülməsinə əsas verən altı hal müəyyən edilib. Bura məqsədli təyinatı əkin, çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqların kənd təsərrüfatı fəaliyyətinə mane olması halının əlavə edilməsi nəzərdə tutulur. Layihədə, həmçinin həmin torpaqlarda olan kolların kəsilməsi üçün ümumi icraatdan fərqli olan daha sadələşdirilmiş icraatın (məlumatlandırma icraatının) tətbiq olunması təklif edilir. Bu məqsədlə kolların kəsilməsi qanunla müəyyən edilən məlumatların aidiyyəti informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanına verilməsi yolu ilə tənzimlənəcək. Digər dəyişikliklərdə əkin təyinatlı torpaqlardakı ağaclara münasibətdə yaşıllıqların götürülməsinin ümumi qaydalarının tətbiq edilməsi, kol, gül-çiçək və ot bitkilərinin kəsilməsi üçün bərpa dəyərinin ödənilməməsi ilə bağlı məsələlər tənzimlənir.

Daha sonra müvafiq nazirliklərin nümayəndələri qanun layihəsi barədə fikirlərini səsləndiriblər. Çıxışlarda ərzaq təhlükəsizliyinin, aqrar sahədə rəqabətliliyin təmin edilməsi, ixrac potensialının artırılması üçün torpaq və su resurslarından səmərəli istifadə edilməsinin vacibliyindən danışılıb. Bildirilib ki, qanun layihəsi aqrar sektorun dayanıqlı inkişafına, əkin yerlərindən daha səmərəli istifadə edilməsinə, məhsuldarlığın yüksəlməsinə, istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edəcək.

Məsələ ətrafında müzakirələrdə çıxış edənlər öz qeyd və təkliflərini söyləyiblər.

Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Aynurə Kərimova, nazirliyin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: