Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Rumıniya Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi tanınıb. Bununla bağlı AQTA qərar qəbul edib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, qərara uyğun olaraq, bundan sonra Rumıniyanın yüksək riskli qida məhsulları istehsal edən müəssisələri əlavə qiymətləndirmə aparılmadan respublikamıza məhsullarının ixracını həyata keçirə biləcək.
Belə ki, təsdiq sisteminin ekvivalentliyi tanınan ölkələrin səlahiyyətli qurumları tərəfindən xarici qida obyektlərinin təsdiqinə dair müvafiq rəsmi məlumatlar olduğu və ya həmin obyektlər tərəfindən bu barədə Agentliyə müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda, onların yenidən təsdiqi tələb olunmur. Bu isə ölkəmizlə həmin dövlətlər arasında qida məhsullarının ticarət dövriyyəsinin artmasına töhfəsini verəcək.
