Gənclər Mərkəzində “Sosial Könüllülük Akademiyası”nın təqdimatı olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Gənclər Mərkəzində “Sosial Könüllülük Akademiyası”nın təqdimatı və “İdeyadan başlanğıca” layihəsi çərçivəsində tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev tədbirdə bildirib ki, aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnən kadrlara olan tələbatı ödəmək məqsədilə nazirlik tərəfindən Naxçıvan Dövlət Universiteti ilə birlikdə kadr hazırlığına diqqət artırılacaq. Qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir. Bu səbəbdən Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası tələbələri ilə görüşlər intensiv xarakter alacaq. Həyata keçirilən tədbirlər yeni ideya mübadiləsinə və innovasiyaların yaranmasına gətirib çıxaracaq ki, bu da “Startap Naxçıvan” hərəkatına öz töhfəsini verəcək.
Tədbirdə Naxçıvan MR Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Naxçıvan Dövlət Universitetinin fəlsəfə və sosial iş ixtisası kafedrasının müdiri Abbas Əhmədov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.
Həmçinin mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və mərkəzdə əlilliyi olan şəxslərin, ahılların rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.
Sonra “İdeyadan başlanğıca” layihəsi çərçivəsində təlimlərə start verilib. Təlimdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin aparat rəhbəri və nazirlik üzrə ekspert qrupunun rəhbəri Əziz Hümbətov hamiliklə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Məhəmməd Fərəcov