Naxçıvanın yaz havasına bürünən axşamında gəzməyin başqa ləzzəti var. İndi həm təmiz şəhər, həm də bahar qoxulu gecələr bir ayrı aləmdir. Sakitlik, xüsusi olaraq zəif şəkildə işıqlandırılan səkilərdə, parklarda hər kəsin sərbəst şəkildə gəzintisi, skamyalarda oturub söhbət etməsi lap nağıl kimi gəlir adama. Hər dəfə də bu mənzərəni seyr edəndə bir zamanlar, hələ 1990-cı illərdə yazdığım şeirdən bir misra yadıma düşür. “Bu qaranlıq şəhərin işıqsız küçələri, Mənim həmdəmim olub sənsiz qalandan bəri ”...
...Yolun kənarında dayanıb müştəri gözləyən bir taksinin yarı açıq pəncərəsindən məşhur bir mahnımızın səsi qulağıma gəldi – “Ötən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim.” Açığı bir anlıq bizim gənclik illərimizin təsadüf etdiyi 1990-cı illərin Naxçıvanı yadıma düşdü. Fikirləşdim ki o ötən günləri qaytarsaydılar nəyi götürərdim görəsən?! Bir tələbə adını qazandığım anın sevinci, bir də ara-sıra bir-iki əlamətdar hadisə yadıma düşdü. Birdən-birə fikirləşdim ki, istəmirəm o günləri qaytarsınlar. Çünki tezdən saat 4-dən durub çörək növbəsinə getməyim, növbə ilə məhəllələrə verilən elektrik, axşamlar istirahət etmək, vaxt keçirmək üçün getməyə bir yer olmadığından ancaq evdə oturub Türkiyə televiziyalarında Şabanın filmlərinə baxmağım gözümün önünə gəldi. Onlara da axıra qədər baxa bilmirdik ki. İki saatlıq elektrik ucbatından həmişə yarımçıq qalırdı. Evlərimiz istilik olmadığı üçün qışda bumbuz olurdu. O zaman hərbi şəhərcikdəki yataqxanada qalırdım. “Vita” yağının qabından özümə bir soba düzəltmişdim. Gündüzlər işdə başımı qatır, axşamlarsa qaranlıq düşəndən sonra şəhəri gəzib yolların qırağında işdən evə gələndə “aşıqladığım” ağacların quru budaqlarını qırır, gətirib o sobada yandırırdım. O zaman səs-küy, siqaret tüstüsü, oynanılan domino, nərd “şaqqıltısı” mənlik olmadığı üçün həmyaşıdlarımın ən yaxşı və yeganə əyləncə yeri olan çayxanalara getmək istəmirdim. Tüstü adamın paltarına hopur, günlərlə qoxusu getmirdi. Bir də gecələr küçələr o qədər qaranlıq olurdu ki, adam kor kimi gəzirdi. Üstüaçıq kanalizasiya lyukları isə qaranlıqda ayrıca təhlükə idi. Vay o gündən getdiyin yolda nabələd olasan!Bir dəfədostlarımdan biri taksidən düşəndə qapını açıb birbaşa açıq lyukdan içəri yıxılmışdı. Ayaqları sıyrılmış, paltarı isə cırılmışdı. “Yeni Naxçıvan” ərazisində isə şəxsən özüm ora yıxılan bir nəfərin sızıltısını eşidib o açıq lyukdan dartıb çıxarmışam.
“Ötən günlərimi qaytaraydılar”.. Nə isə beynimə girmirdi bu sözlər.. Çünki mənim yaşadığım o ötən günlərdə hər dəfə Bakıya, imtahan sessiyasına getmək də mənim üçün əsl problem idi. Ancaq təyyarə ilə getmək mümkün idi. Ona isə bileti ya gərək tanışlıqla alardın, ya da aeroportda satılan kassanın qarşısında bir, hətta iki gün növbəyə dayanıb,fərasətin olsa idi, əldə edərdin. Bir qədər sadəlövh oldun lap əziyyət çəkirdin. Basabas, səs-küylə təyyarəyə minmək də bir “qoçaqlıq” idi. Hər kəs əlindəki əşyanı baqaja vermək istəmir, özü ilə təyyarənın içərisinə daşıyırdı. Hətta bir dəfə məndən öncə əllərində ağır çantaları darta-darta trapı qalxan yaşlılara və xanımlara etika üçün yol verməli oldum. Ona görə də trapda iki nəfər gənc axıra qaldıq. Təyyarənin qapısına çatanda isə əlimizdə bu reysə bilet olduğu halda stüardessa: “ Yer doldu, siz qalın o biri reysə”- deyib qapını üzümüzə bağladı. Təzədən bir saat gözləyib yük təyyarəsi ilə yola düşdük. Bir dəfə isə uzun bir növbədə təsadüfən bir tanışım köhnə “Çörək zavodu”nun həyətindən keçəndə məni gördü. Uzaqdan: “ Neçə çörək istəyirsən, pulun ver gətirim”- dedi. Mənə 3 çörək lazım idi. Yanımda növbədə duranlar da tez pullarını mənə verib – Bizə də, bizə də gətirsin, dedilər. Say 30 çörəyə çatdı. Pulunu verdik və 10 dəqiqədən sonra adam bir dəstə çörəyi gətirib mənə verdi. Hər kəs çörəkləri qapıb aradan çıxdı. Sonda mənə heç nə qalmadı. Pul da getdi, çörək də, vaxt da...
“Ötən günlərimi qaytaraydılar”... Mahnının sözləri altında ötən günlərim bir-bir yada düşdükcə bu günlə müqayisədə heç də nə isə yaxşı bir şeyi görə bilmirdim. Yenə gözümün önünə beş-altı dənə “kukuruz”, xama, kökə almaq üçün İrana getməyimiz yadıma düşdü. Bir dəstə adam səhər saat 5 də maşın tutub gömrüyə getdik. Bir təhər növbəyə durduq və içərisində heç nə olduğunu bilmədiyimiz, özümüzdən də ağır qutuları basabasla, yanındakılarla dava-şava ilə sürüyə-sürüyə soyuq körpünün üstündən o taya daşıdıq. Bizə verilən ünvanları tapıb malları dükan sahiblərinə təhvil verdik. Sonra isə “hamballığa” görə verilən pulun müqabilində bir-iki şey alıb geri döndük. Qutunun kəndiri əlimi necə kəsmişdisə bir həftə sızıltısına dözməli oldum. Ondan sonra bir daha bu əziyyətlə “10 şirvan” qazanmaq istəmədim.
“Belarus” markalı traktorun arxasına qoşulan lafetlə, əl tutmağa belə yer olmadığı halda onlarla adamın yük yerinə mindiyi “Kamaz”la kənddən şəhərə, şəhərdən kəndə çatmağım, nəqliyyat yoxluğundan 20-30 kilometr yolu piyada getməyim yadıma düşdü.
Birdən-birə hər kəsin arzusunda olduğu və “gələn günlərini qurban verməyə” hazır olduğu günlərimin geri qayıtmasını heç istəmədim! Axı yuxarıda hələ çox az bir hissəsini sadaladıqlarımın müqabilində o çətinlikləri bir də təzədənniyə yaşayım?!
Bu gün sürətlə inkişaf edən, işıqlı, Avropalıların belə heyran qaldığı bir Naxçıvanda yaşadığım rahatlığı, sakitliyi, sabitliyin müqabilində ötən günlərin qaytarılması, açığı mənə məntiqsizlik gəldi. Düzdür, o günlərdə həyatda olan valideynlər, daha coşqun, enerjili gənclik illəri var. Amma həyatın qanunlarını da nəzərə almaq lazımdır. Bir də bu gün qazandıqlarımız da az olmayıb. Ailə, övladlar, onların uğurları, yaxşı dostlar, cəmiyyətdə mövqe- bunlar insana yetərincə yüksək əhval-ruhiyyə verir.
Mən sadaladığım o ötən günlərimi ona görə geri istəmirəm ki onları bir də yaşamaq arzusunda deyiləm. Hətta o məqamlar bu günlə müqayisədə mənə bir qədər dəhşətli gəlir. Çünki bu gün:
- Naxçıvanda dükanlarda, mağazalarda, super marketlərdə çeşid-çeşid çörəklər gün boyu, geninə boluna satılır. Hətta bu nemətimizin müxtəlif növlərini əks etdirən “Çörək” festivalı keçirilir,
- indi Naxçıvan bir zamanlar enerji idxal edən muxtar respublikadan ixracatçıya çevrilib. Burada inşa edilən alternativ enerji mənbələrindən muxtar respublikanın tələbatını ödəyə biləcək qədər enerji istehsal edilir. avropalıların belə mat qaldığı, təqdir etdiyi bu layihələr yenə də davam edir,
- mərkəzləşdirilmiş qazanxana sistemi ilə isidilən çoxmənzilli binalar, qazlaşdırılan bütün yaşayış məntəqələri, kəndlər, şəhərlər üçün indi ən güclü şaxta belə qorxulu deyil,
-Naxçıvandan Bakıya uçan təyyarəyə rahat şəkildə öncədən onlayn bilet almaqla vaxta xeyli qənaət etmək olur, Türkiyə və İran ərazisindən keçməklə şəxsi avtomobillə, avtobus reysi ilə də Bakıya rahatlıqla getmək olar,
- muxtar respublikadakı istehsal müəssisələrində hazırlanan bir-birindən dadlı kökələr, kənd təsərrüfatı məhsulları, bir sözlə 383 növdə, o cümlədən ərzaq məhsulları öz keyfiyyəti ilə dünyanın istənilən ölkəsinin məhsulları ilə rəqabətə girə bilər,
-Naxçıvan şəhərindən 45 km aralıda yerləşən bizim kəndə- Şahbuzun Külüs kəndinə gün ərzində 8 avtobus marşrutu işləyir.
Bütün bunları görəndən, yaşayandan sonra isə yəqin ki, heç kəs qayğı dolu ötən günlərini qaytarmaq istəməz...
Qeyd: Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə
təqdim etmək üçündür.