Muxtar respublikanın bir sıra mətbuat xidmətləri işlərini düzgün qura bilmirlər

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 19-da Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin ­müdiri Ülvi Hüseynli muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətləri barədə çıxış edərək demişdir ki, dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətləri üçün lazımi şərait yaradılmış, əməkdaşlar iş otaqları, avadanlıqlar və sürətli internetlə təmin olunmuşlar. Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının internet saytları istifadəyə verilmişdir ki, bu da işin daha səmərəli təşkilinə imkan yaradır. Lakin bəzi mətbuat xidmətləri fəaliyyətlərini yaradılan şəraitə uyğun qura bilməmiş, mərkəzi icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində informasiya-məlumatlandırma işini lazımi səviyyədə təşkil etməmişlər. Hazırda muxtar respublikanın 32 mərkəzi icra hakimiyyəti orqanında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsi vardır. Onlardan 11-də – Nazirlər Kabinetində, Daxili İşlər Nazirliyində, Vergilər Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Nəqliyyat Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Gənclər və İdman Nazirliyində, Rabitə və Yeni Texnologiyalar Nazirliyində, Dövlət Energetika Xidmətində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatında və “Naxçıvanqaz” İstehsalat Birliyində mətbuat xidmətləri vəzifələri vakantdır.

Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri tərəfindən təqdim edilən materiallar təhlil edilmişdir. Aydın olmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Səhiyyə və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətləri fəaliyyətlərini muxtar respublikanın kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində qurmuşlar. Adıçəkilən dövlət qurumlarının mətbuat xidmətləri tərəfindən qəzet və televiziyalara peşəkar arayış və hesabatlar təqdim edilir, müsahibələr verilir, həmin əməkdaşlar təşkilatın fəaliyyəti barədə veriliş və məqalələrin hazırlanmasında yaxından iştirak edirlər.

Muxtar respublikanın digər mərkəzi icra hakimiyyəti orqanlarının – Ali Məhkəmənin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ali Məclisin Sədri Yanında Dövlət Qulluğu üzrə Komissiyanın, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətləri isə fəaliyyətlərini kütləvi informasiya vasitələri ilə qarşı­lıqlı əməkdaşlıq şəraitində qura bilmirlər. Görülən işlər haqqında teleradio və qəzetlərdə, eləcə də təşkilatların öz internet saytlarında operativ məlumatlar verilmir. Bunun əsas səbəbi bəzi orqanlarda mətbuat xidmətləri vəzifələrinin vakant olması, bəzi orqanlarda isə bu vəzifəni tutan şəxslərin qeyri-peşəkar fəaliyyətləridir.

2017-ci ildə və 2018-ci ilin ötən dövründə mərkəzi icra hakimiyyətlərinin mətbuat xidmətləri tərəfindən “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, ümumilikdə, 1538 material təqdim edilmişdir ki, onun da 815-i və ya 52 faizi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Səhiyyə və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, yəni 7 orqanın mətbuat xidmətlərinin payına düşür. Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçiləri və digər əməkdaşları teleradiolarda 2097 verilişin hazırlanmasında iştirak və çıxış etmişlər ki, onlardan da 1196-sı və ya 57 faizi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Səhiyyə və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətlərinin payına düşür.

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların tətbiqi və sürətli internetə çıxış imkanlarının yaradılması, mərkəzi icra hakimiyyəti orqanlarının internet səhifələrinin hazırlanaraq qlobal şəbəkədə yerləşdirilməsi informasiya-məlumatlandırma işini müasir dövrün tələblərinə uyğun təşkil etməyə imkan verir. Lakin mərkəzi icra hakimiyyəti orqanlarının internet saytlarının monitorinqi aparılarkən aydın oldu ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Ali Məhkəmənin, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Ali Məclisin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Dövlət Miqrasiya Xidmətinin saytlarından başqa, digər 25 dövlət orqanının internet saytlarında məlumat və informasiyaların yerləşdirilməsi üçün ayrıca bölmələr yoxdur. Bu səbəbdən də həmin internet saytları mütəmadi yenilənmir və informasiya yükü artırılmır, həmin orqanların fəaliyyəti haqqında saytlarda heç bir məlumat verilmir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev “İnformasiya əldə etmək haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən ictimaiyyətə açıq olan informasiyalar və dövlət sirri hesab edilən məlumatlar haqqında məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək demişdir ki, 2005-ci il mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə mərkəzi icra hakimiyyəti orqanlarında “mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi” ştatı təsis olunmuş, orqanların mətbuat və ictimaiy­yətlə əlaqələr üzrə fəaliyyətlərinin təşkili bu sahələr üzrə məsul əməkdaş­lara həvalə edilmişdir. Bununla yanaşı, ictimaiyyətin vaxtında və düzgün məlumatlandırılması işi də diqqətdə saxlanmış, mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet saytları yaradılmışdır.

Lakin muxtar respublikanın bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri informasiya siyasətini düzgün qura bilmirlər. Əksər mərkəzi icra hakimiyyəti orqanları mətbuatla işə səthi yanaşırlar. Araşdırmalar zamanı məlum olub ki, mətbuat xidmətlərində çalışan əməkdaşların böyük bir qismi qeyri­-peşəkardırlar. Digər nöqsan isə orqanların rəhbərləri tərəfindən mətbuat xidmətlərinin fəaliyyətinin ikinci plana keçirilməsi və tələbkarlığın istənilən səviyyədə olmamasıdır.

Ali Məclis Sədrinin tapşırıqlarını çatdıran Aparat rəhbəri demişdir ki, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçiləri fəaliyyətlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi ilə uzlaşdırmalıdır. Mətbuatla əlaqələr üzrə məsul şəxslər mövcud qanunvericiliyi öyrənməli və fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya test mərhələsindən sonra mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifəyə namizədlərin peşə vərdi­şinin yoxlanmasını (esse imtahanı) təşkil etməli, yaradıcılıq qabiliyyəti olan əməkdaşlar işə qəbul olunmalıdırlar. Haliyədə fəaliyyət göstərən mətbuat xidmətlərinin əməkdaşlarının isə bir ay ərzində attestasiyası aparılmalıdır. Komissiya Ali Məclis Aparatının aid şöbəsi ilə birlikdə orqanların mətbuat xidmətləri əməkdaşlarının peşə vərdişlərinin təkmilləşdirilməsi üçün mütəxəssislərin iştirakı ilə seminar və kurslar keçirməlidir.

Dövlət orqanlarının internet saytlarının texniki imkanları və informasiya yükü artırılmalı, onlarda “Mətbuat xidməti” bölməsi yaradılmalıdır. Ali Məclis Aparatının aid şöbəsi orqanların mətbuat xidmətlərinin fəaliyyətlərini təhlil etməli, aylıq və rüblük arayışlar hazırlamalı, aid orqanların aparat ­rəhbərləri ilə birlikdə müzakirələr təşkil etməli, nöqsanlar aradan qaldırılmalıdır. Kütləvi informasiya vasitələrinə məlumatlar təqdim edilərkən dövlət orqanlarının fəaliyyət istiqamətinə uyğun açıq informasiyaların verilməsi əsas götürülməli, Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılan və ya dövlət sirri hesab edilən informasiyaların ictimailəşdirilməsinin qarşısı alınmalıdır.

Tədbirdə işini düzgün qura bilməyən dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarına – Ali Məhkəmənin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ali Məclisin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərinə xəbərdarlıq edilmiş və 3 ay vaxt verilmişdir. Ali Məclisin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya isə tapşırılmışdır ki, növbəti imtahan vaxtını gözləmədən dövlət orqanlarındakı vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə qəbulla bağlı elan versin və imtahan keçirsin.

Həmçinin vurğulanmışdır ki, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşı­lıqlı əməkdaşlığına nail olunmalıdır. Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi və dövlət orqanlarının aparat rəhbərləri mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili üçün məsuliyyət daşıyırlar. Onlar işlərində dönüş yaratmalı, fəaliyyətlərini muxtar respublika rəhbərinin verdiyi tapşırıqların icrası istiqamətində qurmalıdırlar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin www.din.nmr.az, Dövlət Gömrük Komitəsinin www.dgk.nmr.az, Dövlət Statistika Komitəsinin www.statistika.nmr.az və Dövlət Miqrasiya Xidmətinin www.miqrasiya.nakhchivan.az saytları nümunə kimi təqdim edilmişdir.

Sonda tədbir iştirakçılarına mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisinin vəzifələri barədə hazır­lanmış kitabça təqdim edilmişdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: