Növbəti təkmilləşdirici təlimlər başlayıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində növbəti təkmilləşdirici təlimlərə başlayıb.
Maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlimə dünədən start verilib.
Dörd gün ərzində 12 tədris saatı müddətində planlaşdırılan təlimə müxtəlif büdcə təşkilatlarından bu sahə üzrə fəaliyyət göstərən 24 mütəxəssis cəlb edilib.
Təlim 5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir.
Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Milli Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, vergi uçotunun təşkili, maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotu işinin aparılması ilə əlaqədar hüquqi məsuliyyət, xəzinə əməliyyatlarının təşkili və uçotu işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması, təkmilləşdirilməsi və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasıdır.
Qeyd edək ki, təlimlər zamanı praktik məsələ və testlərin həllinə də yer ayrılıb. Eyni zamanda iştirakçılara gündəlik işlərində faydalı ola biləcək seçilmiş normativ-hüquqi aktlar toplusu, sənəd formaları və misallar ilə tərtib edilmiş metodik materiallar təqdim olunacaq.
Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.
Vüsal Muradov