Baş prokuror: Azərbaycan və Monqolustan arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub

A- A A+

Monqolustan Respublikasının Baş prokuroru ilə keçirilən görüşdə iki ölkə arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub. Azərbaycan Prokurorluğu dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, dünya ölkələrinin hüquq-mühafizə orqanları ilə intensiv əlaqələr qurur. Bu əməkdaşlıq həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa İttifaqı və Beynəlxalq Prokurorlar Assosiasiyası kimi nüfuzlu platformalar çərçivəsində uğurla davam etdirilir.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqın iştirakı ilə Milli Aviasiya Akademiyasında İqtisadiyyat və hüquq fakültəsində təhsil alan tələbələrlə keçirilən görüş zamanı deyib.

Konkret cinayət işləri üzrə istintaq hərəkətlərinin aparılması zamanı hüquqi yardıma olan ehtiyacın, vaxtın və operativliyin beynəlxalq tərəfdaşlığı zəruri etdiyini vurğulayan Baş prokuror cinayətkarların müxtəlif ölkələrdə gizlənməsi və qlobal əlaqələri ilə mübarizədə prokurorluq orqanlarının güclərini birləşdirməsinin əsas hədəf kimi müəyyən olunduğunu diqqətə çatdırıb.

Kamran Əliyev xatırladıb ki, monqolustanlı həmkarı ilk dəfə 2024-cü ildə Bakıda keçirilən konfransda iştirak edib. 2025-ci ilin may ayında Ulan-Bator şəhərində təşkil olunan regional tədbirdə Azərbaycan Prokurorluğunun nümayəndə heyəti təmsil olunub. Bu qarşılıqlı təmasların məntiqi nəticəsi kimi, 2026-cı il mayın 6-da iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq memorandumu imzalanıb. "Sənədin imzalanmasında əsas amillərdən biri hər iki ölkənin hüquq sistemlərinin, prokurorluğun dövlət idarəçiliyindəki rolunun və funksiyalarının bir-birinə yaxın olmasıdır. Əminəm ki, imzalanan bu memorandum və qarşılıqlı təcrübə mübadiləsi hər iki dövlətin hüquq sisteminin inkişafına müsbət təsir göstərəcək", - deyə Baş prokuror vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: