Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun ölkəmizdə əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun şəkildə təmin olunmasına yönəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Qeyd olunub ki, yeni Qanunla Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrində dəyişikliklər edilib. Bu dəyişikliklər işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğunu, həmçinin işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında qeyd edilmiş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur.
Eyni zamanda, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda Məcəllədəki bu dəyişikliklərə uyğun dəyişikliklər edilir.
“Bu dəyişikliklər əmək qanunvericiliyində gender bərabərliyi ilə bağlı yanaşmaların mütərəqqi beynəlxalq təcrübə, habelə Beynəlxalq Əmək Təşkilatının (BƏT) standartları əsasında təkmilləşdirilməsi istiqamətində növbəti addımdır. Cinsindən asılı olmayaraq bərabər dəyərli iş üçün bərabər əməkhaqqının təmin edilməsi BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri içərisində də (DİM-8) yer alır”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycanda son illər qadın əməyi ilə bağlı aparılan islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib. Həmçinin ötən il ölkəmiz BƏT və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv də qəbul edilib.
