Naxçıvanda polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda polis əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib.
Çempionatda muxtar respublika üzrə ərazi polis idarə, şöbələri və İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar.
Yarışda 72 polis əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb, 18 əməkdaş qalib elan edilib.
Komanda idman növündə Naxçıvan MR Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları birinci, Mühafizə Polisinin komandası ikinci, Naxçıvan Şəhər Polis İdarəsinin komandası isə üçüncü yeri tutub.
Qalib gələn əməkdaşlar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.