Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Heydər Əliyev kubokunun ilk seçim mərhələsi keçirilib.
Naxçıvan şəhərində fəaliyyət göstərən dövlət təşkilatlarından 16 komandanın iştirak etdiyi oyun 2 seçim və final mərhələlərindən ibarət olub. İlk seçim mərhələsində “Araz” (Dövlət Nəqliyyat Xidməti), “Zirvə” (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi), “Kəhraba” (Kənd Təsərrüfatı Nazirliyi), “Günnüt” (Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi), “Təhsil” (Təhsil Nazirliyi), “Qarabağlar” (Baş Sığorta Agentliyi), “Rifah” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), “Mübariz” (Səhiyyə Nazirliyi) komandaları mübarizə aparıblar. İki yarım final mərhələsində keçirilən oyun “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olub. Yarımfinal mərhələlərində I və II yerlərə çıxmış komandalar final mərhələsinə vəsiqə qazanıblar. Belə ki, “Kəhraba” (Kənd Təsərrüfatı Nazirliyi), “Araz” (Dövlət Nəqliyyat Xidməti), “Təhsil” (Təhsil Nazirliyi), “Qarabağlar” (Baş Sığorta Agentliyi) komandaları final mərhələsində qalibiyyət uğrunda mübarizə aparacaqlar. 40 nəfər gənc dövlət qulluqçusunun iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, oyunun ikinci seçim mərhələsi aprel ayının 24-də, final mərhələsi isə may ayının 7-də baş tutacaq. Oyunun keçirilməsində məqsəd gənc dövlət qulluqçularını intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, intellektual oyunların kütələviliyinin təmin edilməsidir.