Muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyi keçirilib.
Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil Nazirlikləri, Atıcılıq Fedrasiyası, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışda Naxçıvan şəhərini və muxtar respublikanın 7 rayonunu təmsil edən 8 komanda mübarizə aparıb. Məktəblilər 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən hədəfə atəş açmaq, turnikdə dartınmaq, 50 metr məsafəyə sərbəst üsulla üzmək və 2000 metr məsafəyə kross qaçışı üzrə yarışıblar.
Yekunda Babək rayon Payız kənd tam orta məktəbin komandası bütün rəqiblərini üstələyərək birinci yerə layiq görülüb. Kəngərli rayon Yurdçu kənd tam orta məktəbin təmsilçiləri ikinci, Ordubad rayon Sabirkənd tam orta məktəbin komandası isə üçüncü yerin sahibi olub.
Sonda qalib gələn komandalara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kuboklar təqdim edilib.
Qeyd edək ki, birinci yerin qalibi olan Babək rayon Payız kənd tam orta məktəbin komandası aprelin 24-29-da Göygöl rayonunda keçiriləcək ölkə birinciliyində muxtar respublikamızı təmsil edəcək.
Elvin Quliyev