Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının bu gün Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə Komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, Komissiya tərəfindən 2011-ci ildən bu günədək keçirilən 17 müsabiqədə 5 529 namizəd iştirak edib. Onlardan 1 144-ü müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 39,6 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanıb, müasir dünyagörüşə, qanunvericilik və informasiya texnologiyaları üzrə biliklərə, habelə məntiqi düşüncə qabiliyyətinə malik olan dövlət qulluqçularıdır. Bundan başqa, daxili işlər, ədliyyə, fövqəladə hallar, vergi, gömrük, miqrasiya və prokurorluq orqanlarında xidmətə qəbul üçün elan edilən 38 müsabiqədə 1 730 nəfərin iştirakı qeydə alınıb.
Sonra müsabiqəni uğurla başa vuran və dövlət orqanlarında yeni vəzifələrə təyin olunan namizədlər and içiblər.
Komissiyanın sədri dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib.
Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.