Eyni adda, 7 yerdə olan müqəddəs məkan

A- A A+

Bəşər sivilizasiyasının ilkin mədəniyyət ocaqlarından hesab olunan Naxçıvan torpağı hər daşı, qayası ilə xalqımızın zəngin tarixi, elmi və mədəni irsini formalaşdıran ulu diyardır. “Şərqin incisi” adlanan bu yurda dünya şöhrəti qazandıran bir sıra amillər var ki, bunlar sırasında qədim, tarixi əsrlərə dayanan abidələr xüsusilə seçilir. Belə abidələrdən biri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir. 

Naxçıvan şəhərindən təqribən 12 kilometr məsafədə yerləşən dini ziyarətgah yaxınlıqdakı Haçadağ və Nəhəcir dağlarının arasında hündürlüyü dəniz səviyyəsindən 1665 metr yüksəklikdə yerləşir. Qədim tarixinə və quruluşuna görə bu müqəddəs yer dini ziyarətgah hesab olunur. Əshabi-Kəhf ziyarətgahı demək olar ki, artıq dünyada tanınan bir məkana çevrilib. Hər il bu ziyarətgaha minlərlə qonaq gəlir. 

Əshabi-Kəhf adının mənası “yeddi yatan adam”, ərəb dilində isə “mağara adamları” mənasına gəlir. Qurani-Kərimin “əl-Kəhf” surəsində - Allaha iman etmiş bir qrup gəncin düşmənlərdən qorunmaq üçün 300 ildən çox bir müddətdə sığındıqları bir mağaradan bəhs edilir. 

Rəvayətə görə, Roma imperatorluğu dövründə bir-birini tanımayan bir qrup gənc gizli şəkildə təkallahlılığa inanır və ibadət edirmiş. Onlar insanların məruz qaldığı zülm və haqsızlıqlara susmur, inanclarını çəkinmədən yaymağa çalışırdılar.

Günlərin birində Roma imperatoru Dağ Yunus xalqın qarşısına çıxdığı zaman bu gənclər də həqiqəti insanlar arasında yaymaqla məşğul idilər. İmperator dərhal göstəriş verir ki, bu gənclər üç gün müddətində yollarından dönüb bütlərə sitayiş etməsələr edam olunacaqlar. Çünki imperator dərhal edam hökmünün verilməsinin xalq arasında böyük səs-küy yaradacağından ehtiyat edirdi.

Gənclər bu zülmə boyun əyməyərək şəhərdən qaçır və yaxınlıqdakı bir mağaraya sığınırlar. Rəvayətlərdə onların yeddi nəfər olduğu, yanlarında isə bir çoban itinin də olduğu söylənilir. İt onları addım-addım izləyir. Nə qədər qovmağa çalışsalar da, it geri çəkilmir. Deyilənə görə, Allahın izni ilə it dilə gələrək belə deyir:

— Mən də şahın zülmündən qaçıram.

Beləcə, gənclər itlə birlikdə mağaraya sığınaraq biraz yataraq dincəlmək və daha sonra təhlükəsiz bir yerə getmək qərarına gəlirlər. Lakin onların qısa hesab etdiyi bu yuxu düz üç yüz il davam edir. Oyandıqları zaman isə həyatın tamamilə dəyişdiyini görürlər. Ciblərindəki pullar artıq çox qədim dövrə aid idi. Yemək almaq üçün şəhərə gedən Vəzir Təmirxan çörək almaq istəyərkən insanlar onun puluna təəccüblə baxırlar. Ondan bu pulları haradan tapdığını soruşurlar. O isə pulların özünə aid olduğunu deyir. Şəhər əhli isə bildirir ki, bu sikkələr üç yüz il əvvəl hökm sürmüş Dağ Yunusun dövrünə aiddir.

Baş verənlərin adi hadisə olmadığını anlayan Vəzir Təmirxan gördüklərini insanlara danışır. Xəbər qısa zamanda şəhərə yayılır və maraq içində olan insanlar mağaraya doğru üz tuturlar. Vəzir yoldaşlarını xəbərdar etmək üçün hamıdan əvvəl mağaraya doğru qaçır.

Rəvayətə görə, mağaradakı gənclər baş verən möcüzənin insanlar tərəfindən öyrənildiyini anlayanda Allaha dua edib qeybə çəkilməyi diləyirlər. Allah da onların duasını qəbul edir və hamısı olduğu yerdəcə qeyb olur.

Bu hadisədən təsirlənən insanlar burada ilahi bir möcüzənin baş verdiyinə inanır və həmin vaxtdan etibarən mağaranı müqəddəs bir ibadət yeri kimi ziyarət etməyə başlayırlar.

Bəs görəsən “əl-Kəhf” surəsində adı zikr olunan mağaranın həqiqi yeri haradadır? 

Bəziləri həmin mağaranın Türkiyədəki Tarsus şəhərində, İordaniyadakı “Amman” yaxınlığında, Yunanıstan ərazisində, Romadakı “Katakomb” sərdabəsində, İraqın “Nineva” şəhərində, Azərbaycanın “Naxçıvan” ərazisində və sair kimi yerlərdə olduğunu iddia ediblər. Hətta, bu mağaranın Qüdsdə olduğunu da iddia edənlər var. 

Bir çox elmi mənbələr iki əsas yerin adını çəkir. Bunlardan biri Türkiyənin “Tarsus” şəhərində qədim adı ilə desək “Efsus” adlanır. Bu barədə “Məsəlikul-Əbsar və Məmlikul-Əmsar” adlı kitabın 2-ci cildində Türkiyədəki “Efsus” mağarasına işarət edilib. İkinci məşhur yer isə İordaniya ərazisində “Amman” yaxınlığında yerləşən “Raqim” mağarasıdır. Bu mağara daha qədim mağaradır. Adı da məhz Qurani-Kərimdəki “Əshabur-Raqim” sözündən götürülüb. Şərqşünas Klarmon Cano da mağaranın həqiqi yerinin burada olduğunu düşünür. Hazırda həmin yerlərə də turist axını var və ziyarətgah kimi ziyarət edirlər.

Bəs Naxçıvan? 

“Qurani-Kərim”də adı çəkilən Əshabi - Kəhf həqiqətənmi Naxçıvandadır? Dünyanın ən qədim, ən müqəddəs ziyarətgahlarından biri olan, Allaha, tək allahlığa inancın sığındığı yerlə, Əshabi-Kəhflə tanış olaq. 

Müqaisə elədikdə mağaranın 2 dağın arasında yerləşməsi, quruluşu və təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağaranın divarlarındakı izləri açıq-aydın gözlə görmək mümkündür. Bu, sanki divara söykənmiş insan izləridir ki, onlara da “Yeddi kimsənə” deyilir. Mağaranın daxili yüksələn formada olmaqla, yuxarı tərəfdə, məscidə və “Cənnət bağına” çıxan yolun solundakı qayada deşik var. Bu deşikdən Türkiyə şəhərindəki “Tarsus”da da eynisi var. Eyni zamanda məscidin ətrafında “Qara daş”ın və “Damcıxana”nın da olmasını qeyd edirik. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşilərin hücumundan qoruyurmuş. Mağarada bir neçə kitabə də var.

Həqiqətən də bu tipli və eyni adlı mağaraların sayı kifayət qədər çoxdur və bəziləri bir neçə əsr öncədən mövcuddur. Araşdırmaçı doktor Məhəmməd Hişam ən-Nəsan qeyd etmişdir ki, 40-a yaxın ölkədə “Əshabı-Kəhf” adlı mağara mövcuddur.

Bizə isə indi yalnız inanmaq, ziyarət etmək və bu inancı saf şəkildə qoruyub saxlamaq qalır. Naxçıvanda yerləşən bu müqəddəs mağaranı hər il minlərlə turist və yerli sakin ziyarət edir. Kimisi burada dua edir, kimisi də Allaha içindəkiləri pıçıldayır.  

Mağaranın içində dolaşdıqca insanın ağlında saysız suallar yaranır. Görəsən, doğrudanmı burada yüzillərlə davam edən ilahi bir möcüzə baş verib? Yoxsa əsrlər boyu insanların inancı bu məkanı müqəddəsləşdirib? Bəlkə də bu sualların dəqiq cavabı heç vaxt bilinməyəcək. Amma bir həqiqət var ki, Əshabi-Kəhf mağarasına gələn hər kəs buradan eyni hisslə ayrılmır. Kimisi daha çox inanaraq geri dönür, kimisi isə içində yeni suallarla. Buna hər kəs özü qərar verir.

Pnar Yusifli

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: