Ali Məclisin növbəti plenar iclası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 2 məsələnin müzakirəsinin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ – “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verib.
Müzakirə olunan məsələ ilə əlaqədar deputatlardan Xəzəngül Orucova və Mövlan Məmmədov çıxış etdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, növbəti məsələ “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin birinci oxunuşda müzakirəsidir. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa, həmçinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa uyğun olaraq Ali Məclisin Daxili Nizamnaməsində dəyişiklik edilməsi zərurəti yaranıb, bununla bağlı qanun layihəsi hazırlanıb və Hüquq siyasəti komitəsinin iclasında müzakirə edilib.
Komitə sədri Əjdər Əliyev layihə barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
Məsələ ilə bağlı deputatlardan Emin Şıxəliyev, Mübariz Bayramov və Mövlan Məmmədov çıxış etdikdən sonra qanun səsə qoyularaq qəbul olunub.
Bununla da Ali Məclisin iclası başa çatıb.