Bir məkan düşünün! Elə bir məkan ki, sədaları eraların o tayından, qədim dövrdən eşidilir. O məkan ki, yer-göy sulara qərq olduqdan sonra, “həyatın yenidən başlaması” yükünü öz üzərinə götürəcək qədər cəsarətlidir. Hər daşında-qayasında, qarış-qarış torpağında tarixin mifik qoxuları ilə həmahəng olan, Nuh peyğəmbərin izlərini daşıyan, Memar Əcəminin dühası ilə gözəlləşən, Nemətulla Naxçıvani ilə kamilləşən bir məkan!
Müxtəlif dövrlərdə nəinki Türk imperiyalarının maraq göstərdiyi xüsusi bölgə, hətta bütün dünyanın diqqətini cəlb edən bir məkan! Bura qəhrəmanlıq, igidlik diyarı Naxçıvandır! Orta əsrlərdə üzərindən keçən, bir-birini əvəz edən talançı, yabançı yürüşlərə, müxtəlif Türk dövlətlərinin tərkibində olmasına baxmayaraq, öz mədəniyyətini, elmini, müqəddəsliyini, əzəmətini memarlıq xüsusiyyətlərini, qurmaq-yaratmaq eşqini qoruyub saxlamağı bacaran Naxçıvan! O Naxçıvan ki, hər bölgəsində qədim-ecazkar qalaları, sığınacaqları, yurd yerləri, tarixi-memarlıq abidələri və mühüm, əhəmiyyətli tikililəri var.
Bura Şərqin elə bir diyarıdır ki, Türk-İslam memarlıq üslubu əsrlər boyu qopa bilməyən bağlarla bir-birinə bağlanıb. O memarlıq abidələri Əshabi-Kəhf-ə dönüb dinin möcüzələrindən xəbər verir, Xanəgah Abidə Kompleksinin timsalında Nəiminin, Nəsimin dünyasından-hürufiliyin təməlindən bəhs edir, Möminə Xatın kimi gözəllik simvolu olaraq əzəldən bəri bu torpaqlarda qadına verilən dəyəri sübut edir...
Əlbəttə, hər yerin özünəməxsus mədəniyyəti, memarlıq üslubu var. Amma, Naxçıvan diyarı əzəldən bəri memarlıq məktəbidir, Əcəmi məktəbidir. Bu məktəbi Yusif Küseyr oğlu, Qarabağlar türbəsi, Əlincəqalanın timsalında bu ulu diyarın insanları əsrlər boyu göz bəbəyi kimi qoruyub saxlayaraq, indiki dövrümüzə gətirib çıxarıb və onlara ikinici həyat verərək bundan sonrakı nəsillərə yadigar qoyurlar.
Hər bir abidənin öz taleyi, bir hekayəsi var. Ancaq hər birinin tikilməsində ulu bir məqsəd var-tarixdə iz qoymaq, əsrlər boyu həmin izləri yaşatmaq! Təsadüfi deyil ki, elə Memar Əcəmi də Möminə Xatın türbəsi üzərində belə yazıb:“Biz gedərik, ancaq qalar ruzigar, Biz ölərik əsər qalar yadigar”.
21-ci əsrdə bu yurdun abidələrinə sahib çıxan oğulların qətiyyəti ilə yenidən hündür dağın zirvəsində ikinci həyat verilən, bu gün dünyanın insanlarını valeh edən Əlincəqaladakı daş üzərində yazıldığı kimi “Tarixi yaşadanları tarix də yaşadacaqdır”.
Abdulla Quliyev