50-dən artıq işaxtaran vətəndaşa göndərişlər verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Culfa və Ordubad rayonlarında növbəti əmək yarmarkaları keçirilib.
Qeyd edilib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. İndiyədək təşkil olunan əmək yarmarkalarında yüzlərlə rayon sakini işlə təmin olunub. Cari ildə də bu ənənə davam etdirilir.
Bildirilib ki, bu gün muxtar respublikanın rayonlarında aparılan tikinti-quruculuq tədbirləri mühüm infrastruktur obyektlərinin yaradılması ilə yanaşı, işaxtaran vətəndaşların da məşğulluq problemlərinin həllinə töhfə verir. Eyni zamanda, idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə yaranmış boş iş yerləri qeyri-məşğul əhalinin işlə təmin olunması üçün geniş imkanlar açır.
Ordubad rayonu üzrə 14 təşkilatdan 223 boş iş yerinin çıxarıldığı yarmarkada 27 nəfərə işə göndəriş verilib.
Culfa rayonunda isə yarmarkaya 25 təşkilatdan 110 boş iş yeri çıxarılıb. Sonda 32 nəfərə işə göndəriş verilib.