NUHÇIXAN xəbər verir ki, Qarabağlar Türbə Kompleksində “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada son illər 70-dən artıq tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı onlarla sərəncamdan sonra tarix-mədəniyyət abidələri elmi əsaslarla öyrənilib. Eyni zamanda tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan onlarla elmi məqalə və kitablar yazılıb. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə muxtar respublika ərazisində olan 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Azərbaycan memarlığının möhtəşəm nümunəsi Qarabağlar Türbə Kompleksi” mövzusunda çıxış edib. Alim eyni zamanda muxtar respublikada aparılan arxeoloji ekspedisiyalar və yeni tapıntılar haqqında da danışıb.
İştirakçıları Qarabağlar Türbə Kompleksinin Xanəgah hissəsində nümayiş olunan eksponatlara və muxtar respublika ərazisində mövcud olan abidələrlə bağlı nəşr olunan kitablardan, çap məhsullarından və rəsm əsərlərindən ibarət sərgiyə maraqla baxıblar.
Tədbir çərçivəsində Uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə şagirdləri arasında etüd-dərs keçirilib. Fərqlənən şagirdlərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın və “Şərur” Xalq Yallı Ansamblının konserti ilə yekunlaşıb.
Mədinə Rəhimli