Şəhid mayor Vüsal Vəliyevin xatirəsi məktəbdə ehtiramla anılıb - FOTOLAR

A- A A+

Allahverdi Xəlilov adına 263 nömrəli tam orta ümumtəhsil məktəbində Şuşada şəhidlik zirvəsinə ucalan qəhrəman mayor Vüsal Vəliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəhid mayor Vüsal Vəliyevin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, Şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, AMEA-nın əməkdaşı, şair Mahir Cavadlı, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir çərçivəsində məktəbin 1 “A” sinfinə Şəhid mayor Vüsal Vəliyevin adı verilib.

Tədbiri giriş sözü ilə açan sinif rəhbəri Gülbəs xanım qonaqları salamlayaraq bildirib ki, şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunur və qəhrəman şəhidlərin xatirəsi daim uca tutulacaq. O qeyd edib ki, böyüyən nəslin milli ruhda formalaşması müəllimlərin ən müqəddəs vəzifələrindən biridir.

Daha sonra mayor Vüsal Vəliyevin həyatı və döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Lisey və Ali Hərbi Məktəbdə təhsil alıb, 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib. 2009-cu ildən Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Murovdağ istiqamətlərində müxtəlif komandir vəzifələrində xidmət edib, mayor rütbəsinədək yüksəlib.

O, 2020-ci il Vətən müharibəsində həmlə taborunun komandiri kimi iştirak edib, Murovdağdan Şuşayadək şərəfli döyüş yolu keçib. Mayor Vüsal Vəliyev 9 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı şəhid olub və Şərur Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Qeyd olunub ki, Şəhid mayorun xatirəsinə “Səs” tamaşası səhnələşdirilib, “Qisas 44” və “Vüsalın dastanı” kitabları çap olunub. Həmçinin doğulduğu Dizə kəndində “Şəhid Vüsal bulağı” abidə-kompleksi və ev muzeyi yaradılıb, bir sıra məktəb siniflərinə və hərbi posta onun adı verilib.

Daha sonra çıxış edən məktəbin direktoru Nurqələm xanım rəhbərlik etdiyi təhsil ocağında şəhid adının yaşadılmasını böyük qürur hissi ilə vurğulayıb. O bildirib ki, məktəbin məzunları da Vətən müharibəsində qəhrəmanlıq göstəriblər və 1 “A” sinfinin şəhid mayor Vüsal Vəliyevin adını daşıması kollektiv üçün həm məsuliyyət, həm də fəxr mənbəyidir.

Direktor qeyd edib ki, mayor Vüsal Vəliyevin Vətən müharibəsində göstərdiyi şücaət, vətən sevgisi və döyüş əzmi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq, onun həyat yolu gələcək nəsillər üçün örnək olacaq.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında şəhid mayorun xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, həmçinin şagirdlərin hazırladıqları səhnəciklər nümayiş etdirilib. Çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Aynur xanım çıxışında bildirib ki, təhsil ocağında şəhidlərimizin döyüş yolu mütəmadi olaraq şagirdlərə təbliğ edilir və bu kimi tədbirlər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir.

Daha sonra çıxış edən Şahin Məmmədov şəhidlərin adını daim uca tutan və onların xatirəsini yaşadan hər kəsə təşəkkürünü bildirib. Şair Mahir Cavadlı isə tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq şəhid adını yaşadan insanlara minnətdarlığını ifadə edib.

Sonda söz Şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyevə verilib. O, ailəsi adından çıxış edərək qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəbin rəhbərliyinə, təşkilatçılara, müəllim və valideynlərə təşəkkürünü bildirib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar məktəbdə yaradılmış “Şəhidlər lövhəsi”ni ziyarət edib, qəhrəmanların adını daşıyan sinif otaqlarına baxış keçiriblər. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: