Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “İdeyadan başlanğıca” devizi altında növbəti təlim keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında keçirilən təlimdə Maliyyə Nazirliyi ilə Universitetin əməkdaşları və 100-dən artıq tələbə iştirak edib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin prorektoru Rafiq Rəhimov hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsindən, hamiliklə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova “İdeyadan başlanğıca” mövzusunda çıxış edib. O, təqdimatında tələbələrə “ideya nədir”, “ideyanın yaranma mərhələləri” və “ideyanın növləri” barədə geniş məlumat verib. İnnovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması, təqdim olunması, müxtəlif modellərlə layihələrin təhlil edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi barəsində danışıb.
Tələbələr tərəfindən irəli sürülən bir sıra ideyalarla bağlı geniş müzakirələr aparılaraq gənclərin yeni fikirlərinə həmin sahədə istiqamət verilib. Müzakirələrdə fəal iştirak edən 4 nəfər tələbə Maliyyə Tədris Mərkəzi tərəfindən keçiriləcək “Kargüzarlıq işinin aparılması” adlı təlimdə iştirak etmək hüququ qazanıb və onlara “Hədiyyə Sertifikatı” təqdim olunub.
Qeyd edək ki, yeni ideya ilə çıxış edən tələbələrlə birgə işin davamlılığını və operativliyini təmin etmək üçün Maliyyə Tədris Mərkəzinin internet saytında qeydiyyat bölməsi yaradılıb.