NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunda növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə Rayon Məşğulluq Mərkəzinin direktoru Heydər Quliyev və Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hacı Hacıyev qeyd ediblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir. Bildirilib ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.
Çıxışlardan sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 24 təşkilatdan 227 boş iş yerinin çıxarıldığı yarmarkada 30 nəfərə işə göndəriş verilib.