Görkəmli ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının yaranmasından 113 il ötür. 1906-cı il aprelin 20-də “Azərbaycan milli mətbuatının sərkərdəsi” hesab olunan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi işıq üzü görüb. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının inkişafı yolunda göstərdiyi böyük xidmətlərə görə “Molla Nəsrəddin” jurnalını və onun redaktoru olan Cəlil Məmmədquluzadənin ədəbi irsini yüksək qiymətləndirərək demişdir: “Xalqımızın milli şüurunun formalaşmasında “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin rolu misilsizdir”.
“Amalı və əfkarı” milli istiqlaliyyət olan “Molla Nəsrəddin” jurnalını “təbiət özü yaratmış, zəmanə özü yaratmışdı”. “Milli intibah” jurnalı olan bu mətbuat orqanının ilk sözündən tutmuş son sözünə qədər əsas ideyası Azərbaycan idi. Buna görə də bizi deyib gəlmişdi, “sizi deyib gəlmiş”di Molla Nəsrəddin”. Bugünümüzdən, güzəranımızdan söz açmaqda, keçmiş günləri də xatırlamaqda məqsədi var idi bu jurnalın: türkün açıq ana dilində ana laylalarını lüt-üryan, dilbilməz, keçəl-küçəl qardaşlara anlada-anlada güldürmək, gülə-gülə anlatmaq idi məqsədi... “Bir az da özümüzdən” başlıqlı məqaləsində “Molla Nəsrəddin” öz ədəbi dəst-xətti barədə yazırdı: “...Dərd burasındadır ki, bizim tərifimiz tərsinə olacaq. Nə edəsən ki, bizimki əvvəldən belə gətiribdir. Ağzımızı xeyirliyə aça bilmirik. Düz ilə işimiz yoxdur. Yaxşılığınıza yamanlıqla cavab verəcəyik”.
Böyük satirik Cəlil Məmmədquluzadə özü də mənsub olduğu ədəbi cərəyanın və rəhbərlik etdiyi jurnalın təbiətindəki səciyyəyə uyğun olaraq cəmiyyətdə mövcud olan çatışmazlıqların tənqidinin əsas məqsədi olduğunu dilə gətirirdi. Amalı istiqlaliyyət, birlik və bütövlük olan “Molla Nəsrəddin” jurnalı obyektə “dördgözlə” baxır, Azərbaycanın tarixi əraziləri də daxil olmaqla, bütün bölgələrə həssaslıqla nəzər yetirirdi. “Molla Nəsrəddin” jurnalında Naxçıvan da daim diqqət mərkəzində saxlanılırdı. Cəlil Məmmədquluzadə öz publisistik üslubu, özünəməxsus dəsti-xətti ilə Naxçıvanın bütün problemlərini – bu qədim diyarın ictimai, siyasi, sosial, iqtisadi mənzərəsini əks etdirir, buradakı çatışmazlıqlara öz münasibətini satirik gülüşün qüdrəti ilə ifadə edirdi. Lakin bunu da unutmamaq və nəzərə almaq lazımdır ki, jurnalda Naxçıvanla bağlı qaldırılan bütün məsələlər aktual, həlli vacib olan məsələlər olub. “Molla Nəsrəddin”in dediyi kimi: “İndiyə təki hər nə yazmışıq, hər nə danışmışıq – hamısını zarafat hesab eləyiblər. Halbuki yazdıqlarımızın çoxu zarafat babətindən yazılmayıb, bəlkə lap doğrudan-doğruya yazılıb”.
Naxçıvan haqqında məlumatlar jurnalda daha çox xəbər, teleqraf və elan şəklində verilirdi. Bu məlumatların hər birində Naxçıvanda mövcud olan ciddi bir problemdən bəhs olunurdu. “Molla Nəsrəddin” jurnalında Naxçıvanın adi məişət problemlərindən tutmuş şəriət və dövlət məmurlarının əməllərinə, xalqın avamlıq və fanatikliyinə, qiraətxanalara xalqın passiv münasibətinə, insanların köhnəlmiş adət-ənənələrlə davranmasına, erməni və müsəlman davasına qədər çox vacib məsələlərə ciddi münasibət bildirilirdi.
“Molla Nəsrəddin”in Naxçıvanla bağlı yazılarında birinci nişangahı dini mövhumat və fanatizmi yayan qüvvələr idi. Təsadüfi deyildi ki, Azərbaycanın Molla Nəsrəddini kimi tanınan jurnalın baş redaktoru, naşiri və ideya müəllifi Cəlil Məmmədquluzadə “Xatiratım” əsərində məqsəd, məram və hədəfindən bəhs edərkən deyirdi: “Bizim qabağımızda dağ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlığı idi, şah və sultan istibdadı idi və şəriət zülməti idi, xəlvət dərədə növ-növ tülkülərin bəyliyi idi”. Bəli, “Molla Nəsrəddin”in əsas məqsədi adamlar arasında özlərini mömin cildinə salıb xalqın mənəviyyatını da cibləri kimi soyaraq talan edən, el arasında müqəddəslik yaymaq adı altında ən ülvi, müqəddəs mənəvi dəyərləri təhqir edən, dini bazara çevirən şəriət alverçilərini öldürücü satira ilə qamçılamaq idi. Mollanəsrəddinçi ədiblərin ağsaqqalı Cəlil Məmmədquluzadə bir az da dəqiqləşdirmə apararaq: “Molla Nəsrəddin”in ən böyük nişangahı dini mövhumat və şəriət xurafatı idi”, – deyə öz məqsədini ifadə edirdi.
Naxçıvanda qızdırma və titrətmə xəstəliyinin yayıldığını, camaatın bundan tələf olduğunu qeyd edən “Cüvəllağı” jurnalda belə xəbər verirdi: “Şəhərimizin (yəni, Naxçıvanın) vaizi Molla Zal cənab şeyx minbərdə vəz əsnasında tərləyib və çirklənmiş köynəyinin tərini və çirkini onlara şəfa qərar verib”. Özlərindən uydurma hədis və şəriət qərarları “icad eləyən” bu din xadimləri beləcə yalançılıqda, oğurluqda, insanları soyub-talamaqda, sələmçilikdə günahlandırılırdılar. Məsələn, “Molla Nəsrəddin” göstərirdi ki, “Ordubadın Nüsnüs kəndində bir “ağır seyid” bir pud buğda verib, iki pud buğda alır. Birisinə bir manat borc verib, on manat höcət alır. Və bu ticarətin mənfəətinə ağa keçən illərdə Məkkəyə də gedib hacı oldu”.
“Molla Nəsrəddin” hər şeydən əvvəl çalışırdı ki, məktəb, mətbuat, incəsənət, bütün elmi-mədəni müəssisələr zəhmətkeş kütlələrin və vətənin gələcəyi olan gənc nəslin tərbiyəsinə xidmət etsin. Öz dünyagörüşünü, biliklərini artırmaq, haqq və hüquqlarını bilmək qayğısına qalmayan o zamankı Naxçıvan əhalisinin üzündən qiraətxanaların boş qalması da jurnalda acı təəssüflə qeyd olunurdu. Bu məqsədlə “Molla Nəsrəddin”də gedən bir teleqraf xəbəri maraq doğurur: “İkinci qiraətxananın fatihəsindən sonra üçüncü bir qiraətxana güşad etmək üçün müsəlmanlar öz aralarından bir heyət təşkil etdilər. İstəyirlər qiraətxanaya bir elə otaq kirayə etsinlər ki, qapısı olmasın. Çünki qapı olanda birdən öz-özünə bağlanır”.
Başqa bir maraqlı xəbər Naxçıvan qiraətxanalarının o zamanki vəziyyəti barədə çox dəqiq təəssürat yaratmağa imkan verir: Bir pişiyin qiraətxanaya daxil olmasına görə onu tutub əsir eləyən qiraətxana gözətçisi o pişiyin ölümünə bais olur. Şikayətə cavab olaraq qiraətxana üzvləri yığılıb dünən mollanın yanında and içib, qəsəmə eləyiblər ki, “biz altı aydır heç qiraətxana qapısını da açmamışıq və genə də açmarıq”.
“Molla Nəsrəddin” jurnalı Rusiya hökumətinin yerlərdə apardığı milli şüuru məhv etməklə milləti “ruslaşdırmaq” siyasətini kəskin tənqid atəşinə tutur, hər kəsi bu siyasi hiyləyə qarşı ayıq-sayıq olmağa çağırırdı. Məlumdur ki, Rusiya hökuməti o zamanlar həm yeni üsullu rus məktəblərində ana dili fənnini ləğv edir, həm də müəllimləri ilahiyyat dərslərini belə rusca təlim etməyə məcbur edirdi. Nəticədə, Azərbaycan dili və azərbaycanlı ruhu ilə qavranılan ilahiyyat dərsləri keyfiyyətcə zəifləyir, milli ruh məhv edilirdi. Naxçıvanda baş verən bu cür hallara qarşı çıxan “Molla Nəsrəddin” jurnalı konkret olaraq yazırdı: “Sidqinin oğlu Məhəmmədəlini məktəbdən kənar edib yerinə bir rus keşişi qoydular. Direktor uşaq atalarına deyib ki, bundan sonra ana dili vacib deyil, ancaq həftədə iki dəfə elmi ilahi bəsdir. İndi məktəbdə türk dili deyilmir və keşiş də rusca elmi ilahi deyir”.
“Molla Nəsrəddin” jurnalında əsas tənqid hədəflərindən biri də o dövrdə Naxçıvanda dövlət idarəçiliyinin olmaması, dövlət məmurlarının özbaşınalığı idi. Jurnalda xüsusilə rus mənsəbli məmurların Naxçıvandakı özbaşınalığı daha çox tənqid olunurdu: “Şəhər duması bu gün dövlət dumasının açılmağına təbrik teleqrafı göndərib qərar qoydu ki, bunun şadyanalığına binaən 3 il sərasər şəhər duması bilmərrə bağlansın”.
Naxçıvandakı siyasi özbaşınalıqlar, oyunbazlıq, tərəfkeşlik erməni-müsəlman məsələsində özünü daha qabarıq göstərirdi. Bu, “Molla Nəsrəddin”in gözündən yayınmır və müsəlman camaatını ayıq olmağa, ermənilərlə ehtiyatlı davranmağa səsləyir, müxtəlif qabaqlayıcı tədbirlər görülməsini, xüsusən silahlanmağı vacib sayırdı.
Jurnalda Naxçıvanda baş verən erməni-müsəlman davasına ayrıca yer verən mollanəsrəddinçilər xüsusi narahatlıq keçirirdilər. Bu qarşıdurmanın Rusiya siyasətindən bəhrələndiyini bilən “Molla Nəsrəddin” hər iki milləti sülhə və barışığa dəvət edir, daha çox müsəlmanları ehtiyatlı olmağa çağırırdı. Rusiya hökuməti isə bu davada qızışdırıcı mövqe tutur, ermənilərin fəallaşmasına kömək edir, onları silahlandırırdı. Bu davadan, bu birtərəfli siyasətdən doğan narahatlıq “Molla Nəsrəddin”də öz əksini belə tapırdı: “Molla əmi, duanın bərəkətindən Naxçıvan vilayətində çox sakitlikdir, amma gah bir adam oğurlanır. Yenə orada-burada ittifaq düşür. Məsələn: bu günlərdə iki nəfər Şahbuz kəndinin əhlini ermənilər oğurladılar. Amma bununla belə sakitlikdir. Nə bir güllə səsi eşidirsən, nə dava-mərəkə. Amma adamdı ki, elə hey yox olur. Bunun o qədər eybi yoxdur, amma burası bir az yaxşı deyil ki, oğurlanan adam dəxi tapılmır”.
Bu qarşıdurmada Rusiyanın ermənilər tərəfində olduğunu bildirmək üçün “Molla Nəsrəddin” belə davam edirdi: “Mahalda dinclikdir. Gorus naçalniki Mitkeviç Sisyan kəndini yüz kazak və top ilə qəti-qarət edibdir”.
Bu qeydlərdən də aydın olur ki, ermənilər öz cəfəng ideyalarını həyata keçirmək üçün mütəmadi olaraq Azərbaycanın müsəlman əhalisinin canına qıymış, faciələr və qırğınlar törətmişlər. Rusiya hökuməti isə həmişə xristian erməniləri müdafiə etmiş, nifaqı qızışdırmaq məqsədilə onlara qahmar çıxmışdır.
Bütün bu mühüm məsələlər heç zaman “Molla Nəsrəddin”nin gözündən yayınmamış, həmişə diqqət mərkəzində olmuşdur. Jurnal öz satirik ruhu ilə müxtəlif formalarda bu məsələlərə zaman-zaman öz tənqidi münasibətini də bildirmişdir. Buna görə də “Molla Nəsrəddin” jurnalı həmişə öz gülüş və qəhqəhələrilə yaddaşlarda düşünən və düşündürən publisistika kimi qalacaqdır.
“Molla Nəsrəddin” jurnalının banisi, Azərbaycan ədəbiyyatı və ictimai fikrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam bu böyük şəxsiyyətə xalqımızın dərin ehtiramının növbəti ifadəsidir. Sərəncamda da deyildiyi kimi: “...Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.
Ramiz Qasımov,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
“Nuh yurdu” qəzeti