Şəhər məkanları qlobal tullantıların böyük hissəsini yaradır, dünya resurslarının əksəriyyətini istehlak edir və eyni zamanda, iqlim təsirlərinin ön xəttində yerləşir. Əgər davamlı, dayanıqlı və yaşamaq üçün əlverişli şəhərlər istəyiriksə, “götür, istifadə et və at” psixologiyasını davam etdirə bilmərik. Bu model artıq işləmir. Biz materialların mümkün qədər uzun müddət dövriyyədə saxlanıldığı, yenidən istifadə edildiyi, təkrar emal olunduğu və yenidən dizayn edildiyi iqtisadi modelə keçməliyik. Plastik çirklənmə bu keçidin nə qədər təcili olduğunu açıq şəkildə göstərir.
NUHÇIXAN xəbər verir ki, bunu COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.
"Xəzər dənizinə axan çaylardan tutmuş Avrasiya, Yaxın Şərq və Qlobal Cənubun sürətlə urbanizasiya edən bölgələrinə qədər, idarə olunmayan plastik tullantıların ekosistemlərə necə zərər vurduğunu, biomüxtəlifliyi təhdid etdiyini, turizmə və qida sistemlərinə təsir göstərdiyini və insan sağlamlığı üçün ciddi risklər yaratdığını görürük. Bizim regionda bu problem xüsusilə aktualdır, çünki ətraf mühit sistemləri siyasi sərhədləri tanımır. Çirklənmə çaylar, dənizlər, ticarət yolları və təchizat zəncirləri vasitəsilə yayılır. Bu səbəbdən regional əməkdaşlıq seçim deyil, zərurətdir. COP29 çərçivəsində Azərbaycan praktik iqlim tədbirlərinin, inklüziv tərəfdaşlıqların və davamlı şəhər inkişafının əhəmiyyətini xüsusi vurğulayıb. Şəhərlər dayanıqlı tullantı idarəetmə sistemlərinə sərmayə qoymaqla innovasiya laboratoriyalarına çevrilməlidir. Onlar “yaşıl” dövlət satınalmalarını təşviq etməli, biznesləri innovativ həllər yaratmağa dəstəkləməli və birdəfəlik plastik istifadəsini azaltmalıdır. Lakin infrastruktur kifayət deyil. Bizə həm də təhsil, maarifləndirmə və icmaların bu prosesdə iştirakının təmin edilməsi lazımdır. Bu səbəbdən təhsil sistemi bu prosesə mütləq şəkildə cəlb olunmalıdır. Bu mövzu gənclər arasında da geniş şəkildə müzakirə olunmalı və yayılmalıdır. Gənclər artıq qlobal miqyasda ən innovativ ekoloji hərəkatların önündə gedirlər. Vətəndaş cəmiyyəti təşkilatları isə icmaları səfərbər etmək və institutların məsuliyyətini artırmaq baxımından mühüm rol oynamaqda davam edir. Özəl sektor da xüsusilə qablaşdırma, istehsal və təchizat zəncirləri sahəsində öhdəliklərdən konkret və ölçülə bilən fəaliyyətə keçməlidir. Hökumətlər isə davamlı seçimləri əlçatan və iqtisadi baxımdan səmərəli edən siyasətlər və stimullar formalaşdırmalıdır", - deyə Nigar Arpadarai qeyd edib.
