NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi saytı əcnəbilərin və ölkə ictimaiyyətinin daha rahat istifadəsi üçün cari ilin əvvəlində tamamilə yenilənib. Sayt həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilib. Xidmətin internet səhifəsi üç dildə - Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərir.
Azərbaycan Respublikası vətəndaşları, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaradılan 5 bölmə və 15 alt bölmədən ibarət saytda muxtar respublikanın rəsmi xəbərlərini, Xidmətin tədbirləri və fəaliyyəti ilə bağlı məlumatları əldə edə bilərlər. Həmçinin miqrasiya sahəsi ilə bağlı yaranan bütün suallara burada ətraflıcavab tapmaq mümkündür.
Xidmətin rəsmi internet saytının daha çox əcnəbilər tərəfindən istifadəsi nəzərə alınaraq www.migration.nmr.az adı ilə də fəaliyyəti təmin edilib. Dövlət Miqrasiya Xidməti saytın ingilis dilində ikinci adını yaratmaqla bu dilə üstünlük verən əcnəbi istifadəçilərin işini daha da asanlaşdırıb. Son dəyişikliklərdən sonra sayt üzərindən əvvəlcədən növbə almaqla Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qeydiyyat şöbəsinə müraciət etmək də mümkündür. İstifadəçilər istənilən yerdən ölkəyə gəliş və ölkədən gedişlə bağlı məhdudiyyəti yoxlaya bilərlər.
Saytın daha bir yeniliyi isə audio bölməsində edilib. Belə ki, Dövlət Miqrasiya Xidmətinin radio vasitəsilə efirə yayımlanan verilişlərinə qulaq asmağa imkan tapa bilməyən şəxslər bu bölmə vasitəsilə istənilən vaxt həmin mövzunu yenidən dinləmə fürsəti əldə edə bilərlər. Sol hissədə yeni yaradılan bölmədə vətəndaşlıqla bağlı olan bütün məsələlər öz əksini tapıb. Saytın aşağı hissəsində yerləşdirilən fotolar muxtar respublikanın gəzməli və görməli yerlərini, turizm potensialını əcnəbilərə təbliğ etmək məqsədilə verilib.
Sayt həm də Xidmətin fəaliyyətində olan yeniliklərin, əcnəbilərlə bağlı keçirilən maarifləndirmə tədbirlərinin daha geniş və çevik işıqlandırılmasına şərait yaradır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması halları və qanunsuz miqrasiya ilə bağlı bir neçə maarifləndirmə xarakterli qısametrajlı videoçarx və slayd da hazırlanaraq xidmətin rəsmi internet səhifəsində yerləşdirilib.
Dövlət Miqrasiya Xidmətinin müasir dizaynla fəaliyyət göstərən internet səhifəsi əcnəbilərin, eləcə də ölkə ictimaiyyətinin miqrasiya məsələləri ilə bağlı yaranan bütün suallarına tam, obyektiv cavab vermək üçün fəaliyyət göstərir.