Təmiz hava gələcək şəhər mühitinin əsas elementidir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva Bakıda WUF13 çərçivəsində keçirilən "Yeni Şəhər Gündəliyinə həyat vermək: dayanıqlı şəhərlər üçün havanın keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" adlı tədbirdə bildirib.
"Havanın keyfiyyəti bizim birbaşa və ən mühüm məsuliyyətimizdir. Biz şəhərlərin davamlı, sağlam, rahat və yaşamaq üçün əlçatan olacaq şəkildə layihələndirilməsini təmin etməliyik, havanın keyfiyyəti isə insanların rifahına birbaşa təsir göstərməlidir", - Rzayeva qeyd edib.
O vurğulayıb ki, WUF13-ün keçirilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki onun çərçivəsində təmiz hava kimi vacib məsələlər müzakirə olunur.
"Bu forum sürətli urbanizasiya və qlobal dəyişikliklər şəraitində şəhərlərin və cəmiyyətlərin üzləşdiyi çağırışları müzakirə etmək üçün təşkil edilib. 2050-ci ilə qədər əhalinin təxminən 70 %-i şəhərlərdə yaşayacaq və bu, ciddi çağırışlar yaradacaq. Şəhərlər həm də iqtisadi imkanların, iş yerlərinin və ÜDM artımının mənbəyidir, lakin davamlı və iqlim yönümlü planlaşdırma olmadıqda onlar iqlim dəyişikliyinin nəticələrini gücləndirə və əhalinin sağlamlığına mənfi təsir göstərə bilər", - Rzayeva əlavə edib.
