Qlobal urbanizasiya iqlim risklərini dərinləşdirir.
NUHÇIXAN xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim cəbhələrindən hekayələr" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün nə qədər şəhərin iqlimin ön cəbhələrində çətinlik çəkdiyini və mövcud olsalar belə, nə qədər hekayənin paylaşılmadığını təsəvvür etmək çətin deyil: "Qlobal statistikaya görə, dünya əhalisinin 58 %-i şəhərlərdə yaşayır ki, bu da şəhər ərazilərini istilik dalğalarına, daşqınlara, su qıtlığına, dəniz səviyyəsinin qalxmasına, daxili su hövzələrinin azalmasına, sahilyanı ekosistemin deqradasiyasına və iqlimlə bağlı digər təhlükələrə qarşı olduqca həssas edir. İqlim dəyişikliyinin artan təsirindən qaçmaq mümkün deyil. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) Altıncı Qiymətləndirmə Hesabatı, xüsusilə də II İşçi Qrupunun hesabatı şəhərlərin üzləşdiyi artan riski vurğulayır".
Bundan başqa, o deyib k , iqlim böhranı və biomüxtəlifliyin itirilməsi şəhərlərin dayanıqlılığına təhdid yaradır: "Təbiət də təzyiq altındadır:. Bu gün dünya üçlü planetar böhranla üz-üzədir: iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə. Bunlar birgə ekosistemi, insanların rifahını, dayanıqlı inkişafı, həmçinin şəhərlərimizin və icmalarımızın dözümlülüyünü təhdid edir. Bu səbəbdən, ekoloji problemlər dünyanın müxtəlif bölgələrində fərqli olsa da, eyni təzyiqdən qaynaqlanır: iqtisadi inkişaf ilə ekoloji balans arasındakı qopuqluq. Ən pis ssenarilər inkişaf etməkdə olan ölkələrin həssas icmalarında hiss olunur ki, onların təcrübəsi bizə iqlim fəaliyyətinin hər zaman insan mərkəzli və inklüziv olmalı olduğunu xatırladır".
