Münaqişələrdən və təbii fəlakətlərdən sonra bərpa işləri köhnə həssaslıqları təkrarlamaq əvəzinə, riskləri azaltmalı və şəhərlərin dayanıqlılığını artırmalıdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi Paula Qaviriya Betankur WUF13 çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yenidənqurma proqramları həyata keçirilərkən uzunmüddətli dayanıqlılıq və təhlükəsizlik prioritet olaraq qalmalıdır.
Paula Qaviriya Betankur nümunə kimi Türkiyədəki dağıdıcı zəlzələlərin nəticələrini göstərib:
"Əsas məsələ tikintinin nə dərəcədə sürətlə aparılmasında deyil, yeni layihələrin gələcək riskləri azaltmaq və əhalinin təkrar yerdəyişməsinin qarşısını almaq qabiliyyətində olub-olmamasındadır".
BMT-nin xüsusi məruzəçisi qeyd edib ki, "əvvəlkindən daha yaxşı bərpa etmək" prinsipi sadəcə bəyanat olaraq qalmamalı, praktikada öz tətbiqini tapmalıdır:
"Yenidənqurma böhrandan əvvəl mövcud olanların bərpası ilə məhdudlaşmamalıdır. O, daha təhlükəsiz, inklüziv və dayanıqlı icmaların formalaşmasına kömək etməlidir".
