BMT rəsmisi: Şəhərlərin dağıdılması və insanların didərgin salınması insan hüquqları böhranının nəticəsidir
Biz, ilk növbədə, şəhərlərin dağıdılmasının və icmaların didərgin salınmasının qarşısını almalıyıq. Çünki şəhər böhranları, əslində, insan hüquqlarının pozulmasına görə məsuliyyət mexanizmlərinin zəifləməsinin, beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmətin aşınmasının nəticəsidir. Bunun acı nümunələrini bu gün Qəzzada, Suriyada və Ukraynada görürük.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Paula Gaviria BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.
O bildirib ki, gələcəkdən danışmazdan əvvəl özümüzə vacib bir sual verməliyik: hüquq pozuntuları davam etdiyi və onların qarşısı alınmadığı halda, yenidənqurma prosesinə necə başlamaq olar? Paula Gavirianın sözlərinə görə, bu problem yalnız silahlı münaqişələrlə məhdudlaşmır. Haitidə müşahidə olunan dəstə zorakılığı, mütəşəkkil cinayətkarlıq, qadın hüquqlarının pozulması və digər oxşar hallar da bunun nümunəsidir.
Məruzəçi əlavə edib ki, burada yalnız fəlakətlərə reaksiya məsələsi deyil, həm də yenidənqurmanın mahiyyəti əsas müzakirə mövzusudur. Sual binaların nə qədər tez tikilməsində deyil, onların gələcək riskləri azaldacaq və insanların yenidən didərgin düşməsinin qarşısını alacaq şəkildə qurulub-qurulmadığındadır.
“Biz uzun illərdir gələcəkdən danışarkən “daha yaxşı yenidən qurmaq” konsepsiyasını ön plana çəkirik. Lakin praktikada hələ də eyni həssaslıqları daşıyan tikililər inşa edirik. Yenidənqurma üçün atdığımız təməllər kifayət qədər möhkəm deyil”, - deyə Paula Gaviria vurğulayıb.
Onun sözlərinə görə, tikilən binalar münaqişə, zorakılıq və fəlakət yaradan amillərə tab gətirmək üçün kifayət qədər davamlı deyil.
