WUF-13-ə ev sahibliyi edən ölkə kimi Azərbaycan davamlı şəhər inkişafına, ətraf mühitə məsuliyyətə və iqlim dayanıqlılığına xüsusi önəm verir.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada videomüraciətində deyib.
"Forumun təşkili zamanı da dayanıqlılıq prinsipləri nəzərə alınıb, o cümlədən daha “yaşıl” tədbir idarəçiliyi yanaşmaları və beynəlxalq standartlara uyğun dayanıqlılıq meyarları tətbiq olunub. Bu fəaliyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli prioritetlərlə – davamlı inkişaf, ətraf mühitin qorunması, “yaşıl” iqtisadi artım və daha təmiz və dayanıqlı iqtisadiyyata keçid istiqamətləri ilə uzlaşır", - deyə M.Babayev qeyd edib.
