Ağızları dada gətirən göbələk

A- A A+

Canlı təbiətdə qeyri-adi bir dünya-göbələklər səltənəti mövcuddur. Göbələklər olduqca müxtəlifdir. Onlar bir-birindən quruluşuna, ölçülərinə, bitdikləri yerə, fizioloji funksiyasına görə fərqlənir. Göbələklər 20 – 26 dərəcə istilikdə böyüyüb inkişaf edir. Hal-hazırda yüz minə yaxın növü olan göbələklərə qızmar tropik ölkələrdən  tutmuş uzaq Şimal Qütbünə qədər hər yerdə rast gəlmək olar. Bu canlılar yarım saat ərzində 10 santimetr böyüyə bilirlər. Elə bu xüsusiyyətlər də onu digər canlı aləmin nümayəndələri arasında birinci edir.

Bu canlılar təbiətdə hər cür şəraitdə yetişməyə uyğunlaşıb.  Göbələklərin böyük bir qismi parazit həyat keçirir. Onlar bitkilər kimi sporlarla çoxalır və daim böyüyürlər. Qidanı isə bütün səthi ilə sorur və burada özlərini bitki kimi aparırlar. Əslində, göbələklər təkcə gözlə gördüyümüz üst səthdən ibarət deyildir. O, demək olar ki, bütünlüklə torpağın içində gizlənib, torpağın səthində isə yalnız cüzi bir hissəsi görünür. Onun yerin təkindəki hissəsinin-göbələk tellərinin uzunluğu yüz min kilometrlərlə ölçülür. Göbələyin bütün tellərini bir yerə toplayıb tərəzidə çəksək, görərik ki, bir göbələk ən böyük heyvandan belə ağırdır. Meyvə gətirən ağacı sındırmaq məsləhət görülmədiyi kimi, bol göbələk məhsulu yığmaq üçün göbələyin tellərini də məhv etmək olmaz.

Göbələklərin faydaları hansılardır?

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən  heç də geri qalmır. Göbələklər bol zülal qaynağı olmaqla yanaşı, bir çox vitaminlərlə-karbohidratlarla, aminturşularla, B, S, E, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə də  zəngindir. Lakin göbələklərdə yağlar az olduğu üçün onlar az kalorili qida sayılır. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir. Bundan əlavə, həm də göbələklər antioksidantlarla da olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir. Göbələklərin tez-tez qida rasionuna daxil edilməsi immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmlənməsinə kömək edir.

Şahbuz rayonunun Batabat, Biçənək, Qanlı göl, “Dərəyurd”, “Ballıdüz”, “Çimənyurd” və bir çox ərazilərində onlarla yeməli göbələk növləri var. Elə ki, yaz gəldi,  kəndlərdə hər kəs evindən çıxıb göbələk yığmağa gedər. Bu, çox asan və olduqca da insanda maraq yaradan bir işdir.

Milli mətbəximizdə və Şahbuz mətbəxində göbələkdən müxtəlif yeməklər hazırlanır.

Onu da bilməliyik ki, göbələklər kifayət qədər çətin həzm olunur və bu səbəbdən də 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək məsləhət deyil.

Bəs zəhərli göbələyi zəhərsiz göbələkdən necə ayırmaq olar?

Xarici görünüşünə görə bəzi zəhərli göbələklər ilə yeməli göbələklər bir-birilərinə çox oxşayırlar. Ona görə də göbələk yığımı zamanı diqqətli olmaq lazımdır. Əsasən yeməli göbələklər acıq sahələrdə bitirlər. Göbələk yığımı zamanı göbələyi əllərimizlə qırsaq və ya iki yerə bölsək, o,  rəngini dəyişmirsə, deməli, zəhərli göbələk deyil.

Göbələyi bişirən zaman da onun zəhərli, ya da zəhərsiz olduğunu bilmək olar. Bunun  üçün qazanda qaynayan göbələyin içərisinə bir baş soğanı və ya sarımsağı iki yerə bölüb atırıq. Əgər soğanın rəngi dəyişsə, onda bu göbələkdən imtina etmək lazımdır. Digər bir fərqləndirmə üsulu kimi ondan da bilərik ki, zəhərli göbələklər yeməli göbələklərdən fərqli olaraq qurdlanmır.

Necə bilməliyik ki, zəhərlənmə baş verib?

Xəstədə zəhərlənmə göbələyin qəbulundan 1-2 saat sonra özünü göstərir.  Bu zaman ürəkbulanma, qusma, qarın  nahiyələrində ağrılar, tərləmə, baş ağrısı, halsızlıq özünü göstərir. Qan təzyiqi düşür, sarılıq yaranır, qaraciyər isə böyüyür, hətta bəzi zəhərli göbələklərdən zəhərləndikdə birbaşa qana təsir edir və ölümlə nəticələnir. Uşaqlar isə göbələkdən daha tez zəhərlənirlər. Zəhərlənmə zamanı ilk tibbi yardım kimi zəhərlənənə 4-5 stəkan qaynadılmış ilıq su və ya sodalı su içirilməlidir.

 

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: